Mingəçevir şəhərində “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir
03.11.2017 21:33 Sosreaksiya 1797
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, 03 noyabr 2017-ci il tarixdə Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə vətənpərvərlik mövzusunda təşkil edilmiş musiqi, mahnı və şeir müsabiqəsinin qaliblərinin təltif edilməsi məqsədilə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilmişdir. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyəti haqqında slayd təqdimat nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov gənc nəslin milli ruhda tərbiyə edilməsinə xüsusi önəm verildiyini, Mingəçevirli gənclərin Azərbaycan Silahlı Qüvvələri sıralarında ləyaqətlə xidmət etdiklərini bildirmiş, Mingəçevir məktəblilərinin "Şahin" hərbi-idman oyunlarında daim uğurla iştirak etdikərini qeyd etmişdir.
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini diqqətə çatdıran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov Mingəçevir şəhərində keçirilmiş müsabiqənin bu tədbirlərin davamı olduğunu qeyd etmişdir. R.Şirinov müsabiqədə I yerin qalibi Qurbanova Fidan Teymur qızına‚ II yerin qalibi İsmayılov Nihat Elnur oğluna, III yerin qalibi Məmmədov Ramiz Rahim oğluna Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq diplom və xatirə plaketlərini təqdim etmişdir.
Daha sonra çıxış edən Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli ordu quruculuğu prosesinin uğurlu nəticə verdiyini bildirmişdir. M. Vəliyev ötən ilin aprel ayında düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Silahlı Qüvvələrinin öz gücünü artıq sübut etdiyini diqqətə çatdırmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli çıxışında gənclərin milli ruhda tərbiyə edilməsinin cəmiyyətin gələcəyi üçün vacib amillərdən biri olduğunu qeyd etmişdir.
Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Mingəçevir şəhər məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər.
Şərhlər