Qənirə Paşayeva MM-də Tovuzun ciddi problemlərindən danışdı

21.11.2017 20:26     Sosreaksiya     1783

Millət vəkili Qənirə Paşayeva MM-də ön cəbhə rayonu olan Tovuzun ciddi problemlərini qaldırıb və hökuməti onların həllinə dəstək göstərməyə çağırıb.

Bu gün Milli Məclisin plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Q.Paşayeva ön cəbhə rayonu olan Tovuzun bir sıra problemlərini qaldıraraq hökumətdən 2018-ci ildə onları həll etməyə çağırıb. O bildirib ki, Tovuz da daxil olmaqla ön cəbhə rayonlarına daha da çox diqqət göstərmək lazımdır. Q.Paşayeva Tovuz rayonunun Əlimərdanlı, Qaraxanlı, Xatınlı, Qədirli və Cilovdarlı kəndlərinin içməli su problemindən ciddi əziyyət çəkdiyini vurğulayaraq  problemin həlli üçün “Azərsu” rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökuməti qısa zamanda minlərlə insanın üzləşdiyi bu problemin həlli istiqamətində addım atmağa çağırıb. Millət vəkili Q.Paşayeva bildirib ki, rayonun bir sıra kəndlərində ciddi içməli su problemi var və insanlar pulla su gətirdərək işlətmək məcburiyyətində qalıb və bu problemlərin həlli üçün "Azərsu" ciddi addımlar atmalıdır. Eyni zamanlarda bulaqlarla zəngin Tovuzda su rezervlərinin tikintisi ilə də bu istiqamətdə problemlərin bir hissəsini azaltmaq olar. Millət vəkili Qənirə Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi ciddi problemə də toxunub və müvafiq qurumlardan Tovuzda bu istiqamətdə daha çox işlər görməyə çağırıb. O bildirib ki əks halda Tovuzda kənd təsərrüfatı ilə məşğulluq sahəsində ciddi problemlər yaranacaq. Kənd təsərrrüfatı isə əksər insanların dolanışıq mənbəyidir. 

Millət vəkili Qənirə Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb və bildirib ki, Tovuzun bir sıra kəndlərində qazlaşma prosesi hələ də başa çatmayıb. Millət vəkili “Azəriqaz” rəhbərliyini Ermənistanla ön cəbhə rayonu olan Tovuz rayonunun kəndlərinin  qazlaşdırılması prosesini başa çatdırmağa çağırıb: “Hunanlar kəndi Ermənistandan qaçqın düşmüş insanlarımızın məskunlaşdığı kəndlərdən biridir, həmin kəndin bütün sakinlərinin təbii qaz verilməsinə ehtiyacı var." Hunanlar kəndi ilə bağlı “Azəriqaz” rəhbərliyinə xüsusi müraciət etdiyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu kənd də daxil olmaqla indiyənədək qazlaşdırılmayan kəndlərin qazlaşdırılmasını başa çatdırmağa çağırıb və həmin kəndlərin əhalisinin hər görüşdə bu məsələni xüsusi qaldırdığını və hökumətə onların adından xahiş etmələrini istədiklərini deyib. Bu məsələnin cənab Prezidentin hər zaman diqqətində olduğunu deyən millət vəkili Qənirə Paşayeva ümid edir ki, 2018-ci ildə Tovuzun təbii qaz ilə təchiz olunmayan kəndlərinin qazlaşdırılması prosesi başa çatacaq və hökuməti ön cəbhə rayonu olan Tovuzda bu prosesin tezliklə başa çatmasına ciddi dəstək göstərməyə çağırıb. O bildirib ki, 104 yaşyış məntəqəsindən 48-nin və yeni salınan məhlələrin qazlaşdırılmaması nəticəsində meşələrin qırılması prosesinin qarşısını lazımi qədər almaq mümkün olmur, bu isə öz növbəsində bulaqların qurumasına, yəni ekoloji vəziyyətə öz təsirini göstərir.

Millət vəkili Q.Paşayeva Tovuzla bağlı icra hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə bu məsələlərin həlli istiqamətində təkliflər göndərildiyini deyərək onların qısa zamanda dəyərləndirilməsinə çağırıb.    

Q. Paşayeva bildirib ki, Tovuzun böyük və təhsil göstəriciləri yaxşı olan kəndlərindən olan Bozalqanlı da daxil olmaqla bir sıra kəndlərində yeni məktəb tikintisinə böyük ehtiyac var. O bildirib ki, bu kəndlər əhali sayına görə böyük kəndlərdəndir və onların hər birinin sadəcə bir məktəbi var və ümumi istilik sistemləri olmayan  həmin məktəblər təhsil üçün yaxşı vəziyyətdə deyil və həmin kəndlərdə təcili olaraq yeni məktəb tikintilərinə ehtiyac var. Millət vəkili bildirib ki, məktəblərin səviyyəsinin yaxşı olmaması normal  təhsil ənənələri olan bu kəndlərdə təhsilin səviyyəsinə də özünün mənfi təsirini göstərir və təcili olaraq bu problemin həlli zəruridir.

Bu məsələ ilə bağlı Təhsil naziri Mikayıl Cabbarov ilə danışdığını və müzakirə etdiyini deyən millət vəkili Qənirə Paşayeva hökumətə həmin kəndlərdə yeni məktəb tikintisi ilə bağlı rəsmi müraciət göndərdiyini də deyərək bu məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhsil sahəsində, yeni məktəb tikintisi sahəsində böyük işlər görüldüyünü və Tovuzda da yeni məktəblər tikildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hökumətdən bu kəndləri də diqqətdə saxlamağı və maliyyə ayrılmasını xahiş edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar