HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

08.12.2017 13:13     Sosreaksiya     2214

Nərgiz Paşayeva, Məleykə Abbaszadə və Qənirə Paşayevanın adları daha çox hallanır

 

Ölkə başçısının sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad olunaraq vergilər naziri postuna aparılıb. Təhsil Nazirliyində rəhbərlik vəzifəsi üçün yer hələlik boş qaldığından yeni təhsil nazirinin kimliyi uşaqdan-böyüyə hər kəsi maraqlandırır. Məhz bu səbəbdən də məsələ media və sosial şəbəkələr vasitəsilə geniş müzakirə predmetinə çevrilib.
 
İctimaiyyət müxtəlif versiyalar səsləndirir. Hətta keçmiş təhsil naziri Misir Mərdanovun yenidən bu vəzifəyə qaytarılacağını mümkün sayanlar da var. Səsləndirilən fikirlər arasında təhsil naziri postuna ən ideal namizəd kimi Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin adı çəkilir. Bir çox təhsil üzrə ekspertlər də məhz Məleykə Abbaszadənin yeni təhsil nazirinə ən uyğun namizəd olduğunu bildirirlər. Təhsil naziri postuna yüksələcək şəxslər arasında millət vəkili Qənirə Paşayeva ilə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın da adı hallanır.
Qeyd edək ki, ötən gün modern.az Misir Mərdanovla əlaqə saxlayaraq yeni təhsil nazirinin kim olacağı ehtimalını xəbər alıb. Sabiq nazir deyib ki, kimin nazir təyin olunması cənab Prezidentin sərəncamındadır: "Kim təyin olunacaqsa, həmin şəxsə ancaq uğurlar arzu edə bilərəm. Əsas odur ki, təhsilimizə töhfə versin. Başqa heç nə deyə bilmərəm”.
 
Filologiya elmləri namizədi, Xəzər Universitetinin Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri Vurğun Əyyub isə bu postda heç kimin uğurlu bir iş görəcəyinə inanmır. Onun sözlərinə görə, sistemdə problemlər var: 
 
"Belə bir fikir var ki, guya, təhsil naziri kimi təhsil işçisi seçilsə, uğurlu addım olacaq. Ancaq Misir Mərdanov da təhsil işçisi idi. O, bu postda nə edə bildi? Yaxud da Mikayıl Cabbarovun bu müddət ərzində elə bir işi oldumu ki, onu qiymətləndirək? Buna görə deyirəm ki, bu posta kimin gəlməsindən asılı olmayaraq, uğur əldə etmək mümkün deyil”.
 
Yeni təhsil nazirinin kim olacağı haqqında versiyaları "Sherg.az”a analiz edən təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev istəyir ki, savad göstəriciləri yüksək, təhsil sahəsini bilən, ictimaiyyətlə çalışmağı bacaran, praqmatik keyfiyyətləri olan şəxs nazir təyin olunsun.
 
O, xüsusilə də gənc və orta nəslin nümayəndələrinin təhsil naziri postuna təyin olunmasını daha məqsədəuyğun hesab edir: "Çünki yaşlı nəslin təhsil barədə düşündükləri, onların irəli sürə biləcəkləri konsepsiyalar müasir dövrün tələblərinə cavab verməyə bilər. Çünki dünya dəyişir və müasir təfəkkürlü insanların idarəetməyə cəlb olunması aktuallıq kəsb edir.
 
Təhsil nazirinin qadın, yaxud kişi olmasından asılı olmadan keyfiyyətləri daşıması yaxşı olar. Heç vaxt idarəetmədə gender məsələsi qabardılmır. Kimin qabiliyyəti varsa, həmin vəzifələrə təyin oluna bilər. Etiraf etməliyik ki, Mikayıl Cabbarov ciddi təhsil islahatlarının əsasnaməsini qoymuş şəxs kimi tarixə düşdü. Bunların davamı olmalıdır. M.Cabbarov korrupsiyanın müəyyən mənada kökünü kəsə bildi. 
 
Hazırda yeni təyin olunmuş və qısa müddətdə kifayət qədər iş görmüş rektorları, Təhsil Nazirliyində qısa müddətdə xeyli təcrübə toplamış, nüfuz qazanmış kadrları nümunə göstərə bilərik. Kənardan təyin olunmuş şəxslər olsa belə, həmin keyfiyyətlərə sahib insan olacaq. Çünki biz dünya təhsil sistemində öz mövqeyimizi göstərməliyik. Rəqabətə qoşulmalıyıq. Bu sahədə aparılan islahatlar davam etdiriləcəksə, biz - ekspertlərin, ictimaiyyət nümayəndələrinin dəstəyi olacaq. Əminəm ki, ölkə başçısı özünün ölçülüb-biçilmiş strategiyalarını təhsil naziri təyin edərkən tətbiq edəcək”.
 
Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyinin birləşdirilməsi ehtimallarına gəlincə isə ekspert bu versiyanın mümkün olacağını düşünmür: "DİM və nazirliyin birləşdirilməsi ehtimalı yoxdur. Çünki DİM pablik hüquqi şəxs kimi gənc qurumdur. Sədr Məleykə Abbaszadə isə təcrübəli insandır. Bütün imtahanların mərkəzləşdirilmiş qurumda təşkilini yüksək səviyyədə həyata keçirir. Amma nazirlik və DİM müəyyən qədər fərqli sistemlərə malikdir. Buna görə, birləşdirmə ehtimalı zənnimcə, sıfıra bərabərdir”.
Millət vəkili Fazil Mustafa: "Yeni təhsil nazirinin, təhsil problemlərinə yeni baxışı olan və korrupsiyadan uzaq şəxs olmasını istərdim. Bu, ölkənin, bəlkə də ən çox strateji əhəmiyyətə malik nazirliyidir, bütün əhali təbəqəsini əhatə edən və marağına aid nazirlik olduğuna görə ictimai rəyin mahiyyətini anlayan birinin təyin olunması yaxşı olardı. Ümid edirəm ki, ölkə Prezidenti bu meyarlara cavab verən layiqli bir şəxsi təyin edəcək. Mikayıl Cabbarova da yeni işində uğurlar arzulayıram”.
Keçmiş təhsil naziri Firudin Cəlilov isə hesab edir ki, nazir təyin etməzdən əvvəl təhsilin sistemini dəyişmək və Finlandiya sisteminə keçmək lazımdır ki, şagirdlər, tələbələr məktəbə həvəslə getsinlər. "Finlandiyada dərsliklərlə, artıq proqramlarla uşaqları yükləmirlər, yormurlar. İkinci isə müasir texnologiyadan, təhsil sistemindən, pedaqogikadan xəbəri olan adam olsa, daha yaxşı olar. Məncə, ya Nərgiz Paşayeva, ya da Kamal Abdullanı yeni nazir təyin edə bilərlər. Bunların hər ikisi akademikdir, sistemin adamlarıdır”.
Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü isə keçmiş nazir Mikayıl Cabbarovun uğurlu layihələrə imza atdığını və gələn şəxsin də bu layihələri davam etdirməsini istədiyini deyib:
 
"Mən təhsil işçisi kimi Məleykə Abbaszadənin, Misir Mərdanovun və Nərgiz Paşayevanın bu posta layiq olduğunu düşünürəm. Çünki bu insanlar təhsil sistemində işləyən insanlardır. Bu şəxslər təhsilimizin Avropa standartlarına uyğun qurulmasında, onun tələbləri baxımından inkişafında müəyyən xidmətləri olmuş insanlardır. Sözsüz ki, bu üç nəfərdən hansı gələrsə, düşünürəm ki, təhsil sistemimizin islahatlarının Avropa standartlarına uyğun şəkildə davam və inkişaf etdirilməsinə faydası olacaq. Bu dəyişiklik gözlənilən idi. Keçmiş nazir də zamanında uğurlu və vacib layihələrə imzalar atıb və bu layihələrində kim gələcəksə, davam etdirilməsi təhsilimizin ancaq faydasına ola bilər”.
Təhsil eksperti, əməkdar müəllim Almaz Həsrət isə Misir müəllimin geri qayıtmasını çox istədiyini deyib: "O, bir təhsil bilicisi və mükəmməl ziyalıdır, amma onun yenidən təhsil naziri olması real deyil. Güman edirəm ki, Misir müəllim geri dönmək istəməz...
Bu mənada Qənirə Paşayevanın təhsil naziri postuna gətirilməsini çox istərdim. Bacarığı və keyfiyyətli işlərinə görə Qənirə xanım çox layiqli namizəddir.
Təhsil naziri postunda görmək istədiyim digər namizədlər isə ADU-nun rektoru Kamal Abdulla və BDU-nun rektoru Abel Məhərrəmovdur. Lakin ürəyimə damıb ki, bu dəfə yeni nazirimiz xanım olacaq”.
Tarixçi-alim, təhsil eksperti Kamran Əsədov isə deyib ki, vətəndaşların təhsildən gözləntiləri bu posta kimin təyin edilməsini aktual edir. Belə bir hal başqa bir nazirliklə bağlı olsaydı, əlbəttə, bu qədər geniş müzakirə olunmazdı:
 
"Mənim fikrimcə, 2013-cü ildən etibarən Azərbaycan təhsilində başlayan uğurlu islahatların davam etdirilməsi üçün başlanmış işlərin yarıda dayandırılmaması üçün hazırda nazir səlahiyyətlərini icra edən Ceyhun Bayramovun təyin olunması daha optimaldır.
 
Lakin son 2 gün ərzində DİM elektron xidmətlərini yüksək səviyyədə təşkil etmək, profilaktik tədbirlər həyata keçirmək üçün elektron xidmətlərin göstərilməsini müvəqqəti olaraq dayandırıb. Məndə belə bir təsəvvür yaranıb ki, DİM və Təhsil Nazirliyi birləşəcək və Məleykə Abbaszadə bu quruma rəhbərlik edəcək. Onsuz da hazırda nazir müavini və nazir səlahiyyətlərini icra edən Ceyhun Bayramov DİM-in direktorlar şurasının üzvüdür”.
 
K.Əsədovun sözlərinə görə, Azərbaycanda istər ali məktəblərə, istər orta ixtisas təhsili müəssisələrinə, istər dövlət qulluğuna qəbul zamanı fəaliyyətlərini şəffaf, ədalətli şəkildə həyata keçirməsi, ictimaiyyət arasında müsbət obrazda olması Məleykə Abbaszadəni ən real namizədə çevirib: 
 
"Onun menecerlik və idarəetmə qabiliyyəti, hadisələrə operativ şəkildə münasibət bildirməsi, vətəndaşların qəbulu və digər məsələlər ilə bağlı açıq sisteminin yaradılması onun təyin olunacağı təqdirdə təhsilə olan inamsızlığın, neqativ halların aradan qaldırılması istiqamətində mühüm addım kimi qiymətləndirirəm. Hesab edirəm ki, hansısa universitet redaktoru bu posta təyin olunmayacaq. Çünki onlar yenilikçi deyillər. Bu posta gələcək şəxs yenilikçi, islahatçı olmalıdır. Və bunları həyata keçirmək üçün komandaya malik olmalıdır”.
 
K.Əsədov hesab edir ki, təyin olunacaq şəxs ictimaiyyət tərəfindən müsbət qəbul edilməlidir. Bu istiqamətdə uğurlu namizəd deputat Qənirə Paşayeva ola bilər: 
 
"Çünki o, bütün hadisələr zamanı çevik reaksiya verir, vətəndaşları qəbul edib dinləyə bilir. Hazırda atılacaq addım odur ki, ictimaiyyətin təhsilə olan inamsızlığı aradan qaldırılsın və təhsilin inkişafı, nüfuzunun artmasına gətirib çıxarsın. Yüksək səviyyəli menecerlik qabiliyyəti Heydər Əliyev Mərkəzinin rəhbəri Anar Ələkbərovda da var. Onun son illər ərzində Azərbaycanda həyata keçirdiyi uğurlu tədbirlər də onun bu posta təyin olunma ehtimalını artırıb”.

Şərhlər

Çox oxunanlar