Özdil, Əliyev 50 milyonun prezidentidir!
16.12.2017 11:54 Sosreaksiya 1756
Türkiyədə Yılmaz Özdil deyilən bir yazar var: özünə “özgür yazar” deyir, amma siyasi maraqlarından kənara çıxıb vətəndaşı olduğu Türkiyə Cumhuriyyətini bir gün belə qoruya bilmir.
15 dekabr 2017-ci ildə bir köşə yazısı yazıb, islam ölkələrinin Ankarada keçirilən zirvə toplantısında qəbul edilən qərarı tənqid edib. O toplantını qəbul edib-etməməsi öz işidir. Yazının içində Azərbaycan Prezidenti İlham Əliyevə aid də bir cümlə işlədib, “Fələstin toplantısına Azərbaycan Prezidenti İlham Əliyev də qatılmışdı. Tutsun qolundan Əliyevin, “qardaş dedik bağrımıza basdıq, hadi bu ərəblər tanımır, barı sən tanısaydın Kuzey Kıprısı” desin isterdim” yazıb Ərdoğana müraciətlə.
Köləsi olduğu CHP ilə Azərbaycanı qarışdıran bu kəs anlamır ki, İlham Əliyev Ərdoğanı tənqid üçün yararlandığı Kılıcdaroğlu deyil. İlham Əliyev minlərlə şəhidin qanı üzərində müstəqilliyini elan etmiş, dünyanın, eyni zamanda, Özdilin çalışdığı qəzetin ağa-babalarının belə hesablaşdığı Azərbaycan Respublikasının, 50 milyonluq Azərbaycan türkünün Prezidentidir.
O ki qaldı Kuzey Kıprısın tanınmamasına, Azərbaycanda ibtidai təhsil görən heç bir yeniyetmə 1992-ci ildə Ermənistan tərəfdə Rusiya ordusu vuruşduğu halda Azərbaycana Türkiyənin niyə ordusu ilə dəstək vermədiyini müzakirə və mübahisə predmetinə çevirməz; yaxud Kəlbəcər işğal olunanda Elçibəyin israrına rəğmən, niyə Türkiyənin əhalini xilas etmək üçün iki mülki helikopter göndərmədiyini də dartışmaz.
Çünki Azərbaycanda ibtidai təhsili olan hər kəs yaxşı anlayır ki, 1993-cü il Dəmirəl Türkiyəsi 2017-ci ilin Ərdoğan Türkiyəsi deyil. O zaman NATO və Qərbin təzyiqlərinə boyun əymək məcburiyyətində olan, iqtisadi baxımdan o qədər də güclü olmayan, xarici kreditorlara bağlı bir Türkiyə vardı və Türkiyə NATO-suz iki mülki vertolyot belə göndərə bilmirdi.
Ancaq indi iqtisadi baxımdan çiçəklənən, güclü, qüdrətli, dünya güclərinə meydan oxuyan bir Türkiyə var.
Azərbaycanın Qarabağ problemi olduğu halda Kuzey Kıprısı tanıyarsa, Yunanıstanın Qarabağ separatçılarına dərhal dəstək verəcəyini Özdil qanmırmı?
Qanırsa, nəyi müzakirəyə çıxarıb, qanmırsa, sadəcə, ayıb: qanmadığı mövzuda ağıl öyrədirmiş...
Türkdən başqa hər kəsin əlində olan türk mediasının Özdili də fərqli düşünmür, zaman-zaman Azərbaycanı kiçik görmək siyasəti aparırlar. Ancaq nə mutlu bizə ki, türk qardaşlarımız medianın bu yanlış siyasətinə bizdən öncə reaksiya verir. Özünü dərk edən türkü bir-birinə qarşı qoymaq mümkünsüz işdir. Biz aydınlarımızın sınırda ruslara təhvil verilərək, güllələndiyini də, bayraqlarımızın zibil qutusuna atıldığını da gördük. Onlarla belə olaylar baş verdi. Amma biz bunların hardan, necə gəldiyini də, hansı zor şərtlər altında baş verdiyini də bilirik.
Çünki biz Bakının azadlığı uğrunda Türkiyədən gələn, Çanaqqala savaşı üçün Azərbaycandan axın edənlərin övladlarıyıq.
Özdil, siz kimin övladısınız?
Şərhlər