33 yeni mənzil Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verildi
28.12.2017 15:18 Sosreaksiya 1585
Bakının Qaradağ rayonunda 33 ədəd yeni mənzil Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ƏƏSMN tərəfindən Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində ölkəmizin bütün bölgələrində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq, nazirlik Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yeni inşa olunmuş yaşayış binalarından alınaraq təmir etdirilmiş 33 ədəd mənzili Qarabağ müharibəsi və şəhid ailələrinə təqdim edib.
Mənzillərin istifadəyə verilməsi tədbirində Azərbaycanda qurulmuş etibarlı sosial müdafiə sisteminin əsas prinsiplərindən birinin sosial cəhətdən həssas qrupların sosial-iqtisadi mənafelərinin dolğun şəkildə təmin edilməsindən, onlara yönələn dövlət qayğısının ildən-ilə artırılmasından ibarət olduğu vurğulanıb. Bu istiqamətdə kompleks tədbirlərin reallaşdırıldığı, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş şəxslərin, bu döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən övladlarının ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə mühüm addımların atıldığı diqqətə çatdırılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirlik tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yeni mənzillərlə təminatı proqramına uyğun olaraq ölkəmizin şəhər və rayonlarında fərdi yaşayış evlərinin inşa etdirilərək və hazır yaşayış binalarından mənzillər alınaraq bu təbəqələrdən olanların istifadəsinə verildiyini bildirib. İ.Rəhimov qeyd edib ki, son illərdə bu sahədə işlər daha da sürətlənib və hər il orta hesabla 335 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təminatı həyata keçirilir. Bu vaxta qədər artıq 6100 mənzil həmin kateqoriyalara aid insanların istifadəsinə verilib. Növbəti ildə də bu sahədə məqsədyönlü işlər davam etdiriləcək.
Şərhlər