"Leyla Şıxlinskaya" klinikasının sabiq işçiləri məhkəmədə ifadə verib
04.01.2018 15:56 Sosreaksiya 1910
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq Artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi "Leyla Şıxlinskaya" klinikasının külli miqdarda pulunu mənimsəmədə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə klinikanın sabiq baş mühasibi Şəhla Abbasova hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırıb. O qeyd edib ki, işdən çıxandan sonra klinikada yoxlama tələb edib:
"Ərizə yazıb, tələb etdik ki, yoxlama aparılsın. Lakin Leyla xanım buna imkan vermədi. Bir müddət keçəndən sonra gördük ki, işimiz "Bandontel"dədir. İttihamda göstərilib ki, guya biz sənədi məhv etmişik. Halbuki, biz sənədləri monsardda saxlayırdıq. Sonra gəlib bizə akt tərtib etdilər ki, oranı boşaldaq. Sənədlərin orada saxlanması təhlükəliydi. Leyla Şıxliniskaya sonra əmr verdi, biz də sənədləri ordan götürdük".
Daha sonra təqsirləndirilən Səkinə Qasıomova ifadə verib. Onun sözlərinə görə, klinikada qeydiyyat şöbəsində çalışıb:
"Vətəndaşdan qəbul etdiyimiz pulları xəzinadar Nadejda Kaysiyaya təhvil verirdim. Qəbzləri isə Günel Abbasovaya verirdim. Bu da hər gün yoxlanılırdı".
Təqsirləndirilən Aytən Hüseynova da dindirilən zaman söyləyib ki, qeydiyyat şöbəsində pulları xəzinadar Nadejda Kaysiyaya, qəbzləri isə Günel Abbasovaya təhvil verib: "2003-cü ildən həmin klinikada çalışmışam. Həmin müddətdə heç bir audit yoxlaması aparılmayıb. 2012-ci ildə mühasibatda yoxlama aparıldı. Klinikada gündəlik reyester olurdu". Təqsirləndirilən Mədinə Hüseynova da dindirilib. O bildirib ki, 2012-ci ildən bu günə qədər klinikanın qeydiyyat şöbəsində çalışır:
"Vətəndaş ödəniş edəndən sonra qəbz verirdik. İşdə başımızın üstündə kamera da var". Digər təqsirləndirilən Yelena Abdullayeva ifadə verib. O, klinikada qeydiyyat şöbəsində çalışdığını deyib:
"Vətəndaş yaxınlaş ödəniş edəndən sonra qəbz verirdik. Birini də özümüzdə saxlayırdıq. Daha sonra həmin pulları Nadejda Kaysiyaya, pulları isə Günel Abbasovaya təhvil verirdik. Gündəlik də reyester aparırdıq". Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib. Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.
Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar. Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır. Bu iş üzrə istintaqı əvvəlcə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, daha sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi aparıb. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilən zamanı Ş.Abbasova himayəsində 2 azyaşlı uşaq olduğunu deyib.
S.Qasımova da himayəsində iki azyaşlı uşaq olduğunu, Tibb Universitetində həkim işlədiyini bildirib.
A.Hüseynova subay olduğunu, lakin himayəsində bir azyaşlı uşaq olduğunu qeyd edib.
M.Hüseynova bildirib ki, ailəlidir, himayəsində iki azyaşlı uşaq var, hazırda həmin klinikada qeydiyyatçı işləyir.
Y.Abdullayeva isə söyləyib ki, himayəsində iki azyaşlı uşaq var və həmin klinikada qeydiyyatçı vəzifəsində çalışır.(report)
Şərhlər