Qanunsuz yolla ölkədən çıxarılmasına cəhd göstərilən nəsli kəsilməkdə olan vəhşi quş aşkarlanıb

12.01.2018 16:36     Sosreaksiya     1560

Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılması cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, bu unikal qaçaqmalçılıq halı Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində qeydə alınıb.

Bakı-Doha aviareysi ilə gedən Qətər vətəndaşı gömrük nəzarətindən keçərkən gömrük bəyannaməsi və müvafiq icazə sənədini təqdim edərək, əvvəllər Azərbaycan Respublikasının ərazisinə gətirdiyi şahin quşunu təkrar ixrac etdiyini bildirib.

Lakin gömrük əməkdaşları xüsusi skaner vasitəsilə şahin quşunun elektron etiket nömrəsini qeydə alıb eyniləşdirmə apararkən, sənədlərdən və eyniləşdirmə vasitəsindən aldatma yolu ilə istifadə olunduğu və əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yenisi ilə dəyişdirildiyi aşkara çıxıb.

İlkin araşdırma zamanı Qətər vətəndaşı izahat verərək, ov etmək üçün Salyan rayonuna gəldiyini və Azərbaycanda olduğu vaxt həmin şahin quşunu bir nəfərin ona hədiyyə etdiyini bildirib.

Lakin əvvəllər ölkə ərazisinə müvəqqəti gətirilən şahin quşunun yaşlı, hədiyyə verildiyi iddia edilən şahin quşunun isə cavan olduğu və Azərbaycanda ovlandığı müəyyənləşdirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Şəhər Heyvanat Parkına göndərilən sorğu məktubuna cavabda məlumat verilib ki, saxlanılan şahin quşu - qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid quş növüdür və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxildir.

Faktla bağlı araşdırma davam edir.

Onu da qeyd edək ki, bu fakt Azərbaycan Respublikasında heyvanlar aləminin mühafizəsinin təmin edilməsi baxımından əhəmiyyətli olduğu kimi, eyni zamanda, gömrük orqanlarının yalnız ənənəvi gizlətmə üsulları vasitəsilə deyil, həm də mürəkkəb yollarla törədilən qaçaqmalçılıq hallarına qarşı sayıqlıq və qətiyyət nümayiş etdirməsinə daha bariz bir nümunədir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar