Sabiq MTN şefi kəfəni yırtdımı? - Onu qoruyan əlindəki kompromatlardır, yoxsa...
29.01.2018 12:32 Sosreaksiya 1972
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən çıxarılan gündən onun həbsi məsələsi müzakirə olunmaqdadır. 2015-ci il oktyabrın 17-dən sonra aktuallaşan məsələ hələ ki, nəticəsizdir. Eldar Mahmudovun taleyi ilə bağlı da rəsmi qaynaqlardan bir söz deyilmir. 2 ildən artıqdır ki, Eldar Mahmudov müəmması davam edir. 2017-ci ilin noyabrına qədər sabiq nazirin mətbuatda “MTN işi” adını almış çoxşaxəli cinayət işindən kənar qalacağı haqda fikir formalaşmışdı. Amma belə olmadı.
Ötən il noyabırın 4-də Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağırıldı. Bundan əvvəl isə həmin idarəyə onun əmisi oğlu Vüqar Mahmudovu çağırmışdılar. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov qısa dindirmədən sonra ittihamlar elan edilməklə Bakı Hərbi Məhkəməsinə aparılmışdı. Məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Vüqar Mahmudov ləğv olunmuş MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Eldar Mahmudovun əmisi oğlu özgə əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadədə ittiham olunur.
Vüqar Mahmudov həbs ediləndən bir neçə gün sonra istintaqçılar Eldar Mahmudovun da qapısını döydülər. Noyabrın 4-də sabiq naziri istintaqa çağırıb səhərdən axşama qədər dindirdilər. Və sonrakı günlərdə Eldar Mahmudov 3 dəfə də istintaqa çağırıldı, dindirildi, evinə yola salındı. Belə dindirmələrin birindən sonra sabiq nazir onun üçün xoş olmayan bir aksiya ilə də qarşılaşdı. Növbəti dəfə dindirmədən əsəbi şəkildə çıxan Eldar Mahmudovun qarşısını onun dəstəsinin əməllərindən zərərçəkənlər kəsdi, barəsində düşündüklərini üzünə dedilər. Ümumiyyətlə isə Eldar Mahmudovu 2015-ci ildə komandasının üzvləri həbs edilərkən də istintaqa çağırıb dindirmək üçün xeyli əsas və sübutlar vardı. Onun əməllərindən zərərçəkənlərin fəryadları mətbuatdan bəs deyincə yayılmışdı. Həmin vaxt o, istintaqdan kənar qala bilmişdi. 2017-ci ilin noyabrında isə prosesdə geri sayım başlandığına əsas verən addımlar atılmışdı. Artıq hər kəsdə Mahmudovun toxunulmazlığının götürüldüyü fikri formalışmışdı. Bu ehtimalı formalaşdıran amillərdən biri də o idi ki, əmisi oğlu Vüqar Mahmudov da iki il ərzində sərbəst dolaşmışdı. O, həbs ediləndən sonra isə Eldar Mahmudovun da həbsə gedəcəyinə dair proqnozlar verilirdi. İstintaqçılar Eldar Mahmudov “MTN işi”ndən qalib çıxdığı kimi göründüyü bir dönəmdə qapısını döymüşdülər. Bu həmin vaxt idi ki, mətbuatda Eldar Mahmudovun özünü “MTN işi”ndən kənar tuta bilməsi haqda başlıqlar da peyda olmuşdu, onun komanda üzvlərinə cəmiyyətin gözlədiyindən, iş üzrə zərərçəkənlərin istəyindən daha yüngül cəzalar təyin oldunduğu bir vaxta təsadüf etmişdi.
Eldar Mahmudovun ötən 2 ildən bir qədər artıq müddətdə istintaqdan kənar qalması onu çox ciddi dairələrin himayə etməsi fikrini qətiləşdirmişdi. Ötən müddətdə onun həbs olunmaması da çox ciddi şəkildə qorunmasından xəbər verirdi. Onun Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılaraq dindirilməsi ilə başladılan proses hazırda səngimiş kimi görünür. Mümkündür ki, sonda onu həbs edəcəklər. Müşahidə edilən sükut isə pərdəarxası proseslərin təzahürü də ola bilər. Eldar Mahmudov sıradan bir nazir olmayıb. Onun 11 illik nazirliyi dövründə 1-2 nazir istisna olmaqla digəriləri gəldiyi məclislərdə ayağa qalxıblar, ona təzim ediblər, aylıq xərac, pay-puş göndərib Mahmudovun özündən və dəstəsindən qorunmağa çalışıblar. Hakimiyyətin yuxarı eşalonundan tutmuş yerlərdəki nümayəndələrinə qədər onun adı gələndə belə həyəcan keçiriblər. Bu baxımdan onun istintaqa çağırılması, dindirilməsi sıradan məsələ hesab edilmirdi. Onun kürəyinin yerə gətiriləcəyi gözlənlirdi. Amma hələlik bu baş verməyib: Eldar Mahmudov azadlıqdadır, daha onu istintaqa da çağırmırlar. Belə məlumatlar da var ki, Eldar Mahmudov özünü həbsdən və komandasının üzvlərini ağır cəzalardan kompromatlardan istifadə etməklə kənarda saxlaya bilir.
Xatırladaq ki, Eldar Mahmudova ən yaxın kadr hesab edilən Akif Çovdarov da məhkəməsində “mən agentlərin adlarını açıqlaya bilərəm” deyib meydan oxumuşdu. Belə iddialar da var ki, Eldar Mahmudovun əlində 2800 kompromat videolar var. Bununla belə E.Mahmudovun əlindəki kompromatlardan ictimai şəkildə istifadə etməyəcəyi, bunun üçün o qədər də cəsarətli olmadığı haqda fikirlər də mövcuddur. Hazırda baş verənlər isə Eldar Mahmudovun istintaqa çağırılmaqla zədələnmiş mifinin yenidən bərpa olunması fikirlərini formalaşdırır.(musavat.com)
Şərhlər