Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimov, Nazim Quliyev və Firuddin Şamoyevin doğum günüdür.
07.02.2018 13:07 Sosreaksiya 1462
Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonu Əliabad kəndində anadan olub. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmət edib, əsgərliyini bitirdikdən sonra yenidən cəbhə bölgəsində hərbi xidmətə qayıdıb, gizir rütbəsində bir sıra əməliyyatlarda iştirak edib, 2010-cu il iyunun 18-də Tərtər rayonu Şiştəpə adlanan ərazidə düşmənin hücumunun dəf edilməsində cəsarətlə vuruşub, sonra tək başına düşmən üzərinə yeriyərək onlarla erməni yaraqlısını məhv edib və qəhrəmanlıqla həlak olub. Düşmənlərdən onun cəsədini yalnız 5 aydan sonra geri almaq mümkün olub. 2010-cu il iyulun 22-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bakıda İkinci Fəxri xiyabanda dəfn edilib. Biləsuvar rayonunda adına küçə və orta məktəb var.
Nazim Qabil oğlu Quliyev 1965-ci il fevralın 7-də Beyləqan rayonu Örənqala kəndində anadan olub. O, 1988-ci ildən Füzuli ərazisində özünümüdafiə dəstəsinin tərkibində, 1991-ci ildən isə polis (milis) nəfəri kimi düşmənə qarşı rəşadətlə vuruşub, Cuvarlı, Tuğ, Məlikcan, Arış, Divanallar kəndlərinin müdafiəsində xüsusi xidmət göstərib, 1992-ci il yanvarın 9-da Köşbək kəndi yaxınlığında mühasirəyə düşmüş əsgərlərimizin və texnikanın xilas edilməsində sücaət göstərib və qəhrəmanlıqla həlak olub. 1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Füzuli rayonunda dəfn edilib. Füzuli rayonu Yuxarı Yağləvənd və doğulduğu Örənqala kənd orta məktəbləri onun adını daşıyır.
Firuddin İsa oğlu Şamoyev 1962-ci il fevralın 7-də Qazax şəhərində anadan olub. O, 1991-ci ildən könüllü olaraq cəbhəyə gedib, 707 saylı hərbi hissənin minaatan bölüyünün komandiri kimi rəşadətlə vuruşub, Bağanıs Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərin müdafiəsində fəal iştirak edib, 1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi yaxınlığında gedən ağır döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 7-də Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Qazax şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Qazax şəhərində orta məktəblərdən biri onun adını daşıyır.
Şərhlər