Ombudsman Aparatının əməkdaşları DİN-in Daxili Qoşunlarının və FHN-in Mülki Müdafiə Qoşunlarının hərbi hissələrinə baxışlar keçiriblər
09.02.2018 16:00 Sosreaksiya 2059
Ötən illərdə olduğu kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırılmış plan-cədvəllərə müvafiq olaraq, Ombudsman və Aparatın əməkdaşları hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirir. Reaksiya.az-ın xəbərinə görə, Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov, Aparatın digər əməkdaşları Murad Babayev və Vüqar Heydərov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Bakı şəhərindəki “N” saylı hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.
Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və həmin hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması olub. Ombudsman Aparatının əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən kazarmalara, tibb hissələrinə, yeməkxanalara, mətbəxlərə, idman zallarına və digər obyektlərə baxışlar keçirilib. Hər iki hərbi hissədə hərbi qulluqçular üçün yaradılan xidmət şəraiti, habelə onlarla rəftar, həmçinin qidanın keyfiyyəti və müalicə işinin təşkili müsbət qiymətləndirilib. Aparatın əməkdaşları şəxsi heyətlə insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqları, Ombudsmanın bu istiqamətdə fəaliyyəti, mövcud hərbi qanunvericilik və hərbi nizamnamələr mövzusunda, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 56-cı maddəsində qeyd olunmuş seçki hüququ və Azərbaycan Respublikasının Seçki Məcəlləsində hərbi qulluqçularla bağlı əks olunmuş maddələr əsasında söhbətlər aparıblar.
Onlar respublikamızda hüquqi maarifləndirmə, ideoloji və təlim-tərbiyə işlərinin, şəxsi heyətin yüksək döyüş ruhunun və psixoloji durumunun, həmçinin Vətənə sədaqət və vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin əhəmiyyətini vurğulayıb, zabit və əsgərlərin çoxsaylı suallarını cavablandırıblar. Hərbi hissələrdəki müddətli hərbi qulluqçularla, o cümlədən gənc əsgərlərlə hüquqi maarifləndirmə sahəsində aparılan iş müsbət qiymətləndirilib. Görülən işlərin daha da təkmilləşdirilməsi üçün hərbi hissələrin komandanlığına müvafiq tövsiyələr verilib. Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.
Gülnaz Qənbərli
Şərhlər