Ombudsmanın nümayəndələri gender bərabərliyinin təmini və qadınların səlahiyyətləndirilməsi məsələlərinə həsr edilən konfransda iştirak ediblər
13.02.2018 16:20 Sosreaksiya 1489
Ombudsmanın nümayəndələri gender bərabərliyinin təmini və qadınların səlahiyyətləndirilməsi məsələlərinə həsr edilən konfransda iştirak ediblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəaliyyətində gender bərabərliyinin təmin olunması məsələsinə də mühüm diqqət yetirilir, əhalinin digər kateqoriyalarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Reaksiya.az-ın xəbərinə görə, müvafiq dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Demokratiya Monitoru İctimai Birliyi və BMT-nin İnkişaf Proqramının ekspertləri tərəfindən təşkil olunan “Azərbaycanda qadınların iqtisadi səlahiyyətləndirilməsi və bərabərlik hüququnun təmin edilməsində mövcud durum, problemlər və həlli yolları” adlı konfrans keçirilib. Həmin tədbirdə Ombudsman Aparatının Qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova və Elmi-analitik sektorunun baş məsləhətçisi Lamiyə Zeynalova iştirak ediblər.
Konfransda məruzə ilə çıxış edən T.Cahangirova müasir dövrdə Azərbaycanda qadınların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını vurğulayaraq, bu sahədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini, həmçinin ölkəmizin 250-dən çox beynəlxalq konvensiyaya qoşulduğunu, həmin sənədlərin kütləvilik və ictimai iştirakçılıqla həyata keçirildiyini bildirib. Ölkəmizdə bütövlükdə qadınların hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılmış, eyni zamanda “Azərbaycan-2020: Gələcəyə baxış” Konsepsiyası və BMT-nin 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) gender bərabərliyi və qadın hüquqlarının təmin olunması ilə bağlı məqsəd və vəzifələrin əks olunduğu vurğulanıb. T.Cahangirova dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və icmalarla, habelə beynəlxalq təşkilatlarla və xaricdəki həmkarları ilə işgüzar əməkdaşlıq şəraitində fəaliyyətini davam etdirən Müvəkkilin insan hüquq və azadlıqlarının səmərəli təmin edilməsinə, o cümlədən əhalinin müxtəlif qruplarının problemlərinin həllinə yönəlmiş bir sıra yenilik və təşəbbüslərlə çıxış etdiyini, səlahiyyətli dövlət qurumlarına 600-ə yaxın təklif və tövsiyələr təqdim etdiyini, onların da bir çoxunun artıq icra edildiyini söyləyib.
Qeyd edilib ki, Müvəkkil qadınların işlə təmini, onların iqtisadi imkanlarının genişlənməsi məqsədilə mikro-kreditlərin və digər maliyyə vəsaitlərinin verilməsi, onlar üçün gəlir gətirən fəaliyyət növlərinin təşkili, əsas sosial, xüsusilə də təhsil və tibbi xidmətlərdən istifadə imkanlarının genişlənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib, şəhər və kəndlərdə xırda və iri sahibkarlıqla məşğul olan qadınların problemlərinin həlli məqsədilə səlahiyyətli orqanlara müraciətlər ünvanlayıb və nəticədə bir çox sahibkar qadının bu sahədəki çətinlikləri aradan qaldırılıb. Bununla yanaşı, Ombudsman təsisatı ilə BMT QAK-ın birgə həm paytaxt, həm də regionlarda həyata keçirdiyi “Didərginlik şəraitində qadınların səlahiyyətləndirilməsi” adlı layihənin 2016-2017-ci illər üzrə nəticələrinin geniş təqdimatı keçirilib. Diqqətə çatdırılıb ki, sözügedən layihə gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının qarşısının alınması ilə yanaşı, məcburi köçkün qadınların cəmiyyətdə təmsilçiliyinin artırılması, habelə kiçik və orta sahibkarlıq səviyyəsində onların iqtisadi cəhətdən stimullaşdırılması və digər komponentlərdən ibarətdir. Konfrans iştirakçıları çıxış edərək, qadın sahibkarlığının inkişafının yoxsulluğun azaldılmasına, bu əhali qrupunun iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda, cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına xidmət etdiyini vurğulamış, bu problemə münasibətləri, vəzifələri və görüləcək işlər üzrə təklif və tövsiyələr səsləndiriblər. Nəticədə bu sahədə birgə əməkdaşlığın davam etdirilməsi qənaətinə gəlinib.
Gülnaz Qənbərli
Şərhlər