"Azərbaycan kişisi xəyanəti prestij hesab edir”

04.08.2015 19:35     Sosreaksiya     1487

Zaman keçdikcə, Avropaya inteqrasiya prosesi sürətləndikcə bir çox məsələlərdə ciddi dəyişikliklər baş verir. Qazandıqlarımız da olur, itirdiklərimiz də. Ancaq belə düşünürəm ki, itirdiklərimiz qazandıqlarımızdan daha çoxdur. İtirdiklərimizin başında da milli-mənəvi dəyərlərimiz dayanır. O dəyərlər ki, onların qorunub bu günümüzə gəlib çatması üçün ata-babalarımız böyük əmək sərf etmişlər. Və bizə sağlam köklərə dayanan ailə dəyərləri, ağsaqqallıq məktəbi, ailə institutu kimi dəyərlər ərməğan ediblər. Təəssüfflər olsun ki, hazırda Avropanın bizə bir millət olaraq  yad olan adətləri ailə dəyərlərimizi məhv etmək üzrədir. Düzdür, Avropa bizə nəyisə diktə etmir. Sadəcə biz nədən, nə qədər və necə istifadə edəcəyimizi doğru bilmirik. Biz yaxşını örnək götürməkdənsə pisin dalınca qaçırıq. Doğrunu öyrənməkdənsə, yalnışı mənimsəyirik və üstəlik də yalnış olduğumuzu bil-bilə bunu təbliğ etməyə çalışırıq.  Dəyərlərimizin məhv edilməsi nəticəsində cəmiyyətdə neqativ hallar da zamanla çoxalır. Boşanmaların, cinayətlərin sayı günbəgün daha da artır. Və bu cinayətlərin mənbəyində də qadın amili dayanır.

Bu barədə Təmiz Dünya Qadınların Müdafiəsi təşkilatının sədri Mehriban xanım Zeynalova ilə danışdıq və ailə dəyərlərimizin məhvi səbəblərinə aydınlıq gətirməyə çalışdıq.

- Mehriban xanım daima haqsızlığa uğramış, hüquqları tapdanmış, zorakılığa məruz qalmış qadınları müdafiə edir, hüquqlarını qoruyur. Ancaq etiraf edək ki, bəzən cinayətə məruz qalan da, cinayətkar da qadın olur. Bu zaman necə davranırsınız? Yenə də müdafiə mövqeyinizi qoruyub saxlayırsızmı?

- Çətin sual qarşısında qoydunuz məni. Doğrudur, elə hadisələr, elə hallar baş verir ki, həmin an qarşındakını müdafiə etmək üçün bütün steorotiplər, əxlaq normaları, milli və mədəni dəyərlər önə çıxır. Və sən qarşındakını müdafiə etmək üçün tutacaq bir yer tapmırsan. Məsələn, ərli arvadın xəyanəti, övladını atan ananın davranışı və s. Çünki söykəndiyimiz milli-mənəvi dəyərlər buna imkan vermir. Lakin ilk rəy yalnış ola bilir. bu davranışın arxasında nələrin dayandığı barədə sual çıxır ortaya. Təbii ki, əgər biz dünyəvi dəyərlərə söykənsək, insan haqları deyilən bir dəyər sistemi var və bu dəyər sisteminə görə hər kəs əməlində azaddır. Lakin o dəyər sistemi belə azadlıqdan əvvəl məsuliyyət və öhdəlik anlamını önə çəkir. Demək ki, əsas səbəbə nəzər salmaqdır. Səbəblər isə çox müxtəlif ola bilir. Məsələn, uşağın qanunsuz doğulması və ya arzuolunmaz hamiləlik. Bu halda qohumların qəbul etməməsi, qadının iqtisadi imkanlarının özünü belə təmin etmək gücündə olmaması və s. Çox amillər ola bilər.

- Etiraf edək ki, bəzi qadınların ailəli kişilərlə yaşadığı ilişkilər faciəylə az nəticələnsə də ailələrin dağılmasına daha çox səbəb olur. Belə deyək ki, qadın digər qadından zərbə alır. Burada belə düşünmək olarmı ki, qadını elə qadının özündən qorumaq lazımdır?

- Bu məsələyə müxtəlif bucaqdan yanaşmaq olar. İlk növbədə, əgər hər hansı kişi qadını inadla onu sevdiyinə, arvadından boşandığına və ya arvadının xəstə olduğuna inandırırsa, bu halda qadın yox, kişi günahkardır. İkinci tip qadınlar da var ki, pul qarşılığında xidmət göstərirlər. Bu halda xidmətə görə qadından istifadə edən kişi ilk növbədə yenə də evdəki xanımı və övladları qarşısında ailə öhdəliyini dərk etməlidir. Təəssüf hissiylə qeyd edim ki, Azərbaycan kişisi xəyanəti özünə prestij hesab edir və bu barədə fəxrlə danışır. Maraqlı olan da odur ki, ailəsinə sadiq olan, xəyanət etməyən kişilər qınaq obyektinə çevrilir və bu ictimai mühit ailəyə xəyanəti leqallaşdırır.

Üçüncü tip qadınlar da var ki, ərə getmək üçün başqasının ailəsini dağıtmaq kimi təhlükəli davranışıyla təhlükəlidir və qeyri insandır. Bu tipajları çox saymaq olar. Lakin qadınlar anlamalıdır ki, həyat yoldaşına xəyanət edən kişi başqasına da xəyanət edəcək.

-Mehriban xanım qeyd etdiniz ki, xəyanət etməyən kişilər qınaq obyektinə çevrilir. Etiraf edək ki, indi kiminləsə ilişki qurmayan ərsiz qadınlarda da bu, belədir. Ərsiz qadınlar da kimnləsə münasibətdə olmayanda ona problemli kimi baxırlar. Bu tip halların adiləşməsinə Avropanın bizə təqlid etməyə çalışdığı azad münasibət məsələsi səbəb ola bilərmi?  

- Avropada ailə quran şəxslər artıq çox şüurlu şəkildə, düsünülmüş ailə qurur və daha çox ailəyə dəyər verir. Biz Avropanın 20-30 il əvvəlki tərzini yaşayırıq. Unutmayaq ki, bu proseslər sadə proses deyil və çox sünidir. Çünki ailə dəyərləri dağıdılmaqla bir çox mənada tarazlıq pozula bilir. Mən hər dəfə deyirəm ki, qloballaşma siyasəti “al” və “ver” deməklə bütün dəyərləri məhv etməyə yönəlmiş siyasətdir. İqtisadi amil dəyər amilini üstələyəndə vəziyyət bu yerə çatır.

- Dediyinizə görə demək ki, biz hələ 20-30 il də bu tip hadisələrə şahid olacağıq?  Əmin olmaq olarmı ki, 20 ildən sonra cəmiyyətimiz daha qorxunc bir bataqlığın içində çabalamayacaq? Nə tutmuşuq, axı bu Avropa qanunlarından?

- Bu proseslər hələ davam edəcək. Çünki bir çox dəyər sistemimiz ciddi şəkildə zədələnib. Xüsusən də qadınlarla bağlı məsələlər. Xalq olaraq biz yarı Avropa, yarı Şərq dəyərlərinə tapınırıq. Ziddiyyətli dəyər sistemi hələ tam formalaşmayınca bu davam edəcək. Hər hansı ciddi təkan xalqın öz dəyər sisteminə qayıtmasına kömək edə bilər. Avropa qaydalarını mənimsəməyə çalışmağımız da özümüzdən asılı deyil. Çünki biz dünyaya inteqrasiya etmədən yaşaya bilmərik. Biz Avropa qanunları ilə idarə olunub milli adətlərimizlə yaşamaqda çətinlik çəkirik. Çünki biz qanuna riayət etməyə elə də meyilli deyilik.  

Şərhlər