Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradıldı

14.02.2018 18:46     Sosreaksiya     2028

Azərbaycanda düynada ilk dəfə online vahid ixrac ərizəsi yaradıldı 

Azərbaycanda dünyada ilk dəfə olaraq on-line vahid ixrac ərizəsi təqdim olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) bu yeni xidməti Rəqəmsal Ticarət Qovşağı və Azexport portalı vasitəsilə həyata keçirəcək. Beləliklə, sahibkarlar vahid ixrac ərizəsinin onlayn qaydada doldurulmaqla məhsullarını daha asan ixrac edə biləcəklər. 

Qeyd edək ki, ixracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında nəzərdə tutulub. Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi məbləğinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsininin doldurulması sistemi intellektual məntiqə əsaslanaraq qurulub. Yəni istifadəçi özü haqqında minimal məlumatları daxil edir. 

Sahibkar bu məlumatları yalnız bir dəfə daxil etməklə (məsələn: malın adı və ixrac ölkəsi) digər zəruri məlumatlar, o cümlədən idxal ölkəsi üçün tələb olunan sənədlər sistem tərəfindən avtomatik müəyyən edilir və ərizəçiyə təqdim edilir. Sonrakı mərhələdə ərizəçinin razılığı əsasında elektron vahid ixrac ərizəsi formalaşır və tələb olunan icazələrin alınması üçün sistem tərəfindən müəyyən edilmiş iştirakçılara (dövlət qurumlarına) ünvanlanır. Qeyd edək ki, sistemin işə salınması ixrac proseduralarının icrasında məmur sahibkar təmasını minimuma endirəcək və sənədlərin icra müddəti bir neçə dəfə azalacaq. Bundan əlavə, respublikanın bölgələrində yerləşən sahibkarlar üçün icazələrin alınması proseduru daha rahat olacaq. Vahid ərizə konsepsiyası əsasında bütün ixrac icazələrinin əldə edilməsi xidməti hazırda dünyanın heç bir ölkəsində təqdim edilmir. Vahid ixrac ərizəsi ilə tanış olmaq üçün sahibkarlar https://dth.azexport.az/ ünvanına müraciət edə bilərlər. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı, Azexport.az portalı isə "Azərbaycan Respublikasında istehsal olunan malların vahid məlumat bazasının yaradılması haqqında” Sərəncamı əsasında yaradılıb.

Hər iki layihənin operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi haqqında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədləri ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.


Gülnaz Qənbərli

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar