19 nəfəri gün vurub - AÇIQLAMA

05.08.2015 12:31     Sosreaksiya     853

Son 5 gündə ölkə ərazisində temperatur kəskin artaraq 40 dərəcəni keçib. İstilər nəticəsində 19 günvurma faktı qeydə alınıb.

Reaksiya.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib. O, insanları günəş altında çox qalmamağa, diqqətli olmağa çağırıb. Oqtay Şahmalıyev qeyd edib ki, günvurma hadisəsi yalnız günün altında olduqda baş vermir:

“Günvurma yalnız günün altında baş vermir. Günvurma, ümumiyyətlə, isti havanın təsiridir. Uzun müddət isti yerdə qaldıqda bədəndəki su buxarlanır və yaranan maye çatışmazlığı nəticəsində günvurma baş verir. Günvurmanın simptomları sadə yorğunluqdan başlayaraq huşun itirilməsinə qədər ola bilər. Ona görə də orqanizmdə hər hansı pis dəyişiklik olanda, özünüzü pis hiss etdikdə mütləq həkimə müraciət edin”.

Onun sözlərinə görə, belə isti hava şəraitində insanların fiziki işdən də uzaq olması, yanlarında həmişə ehtiyat su saxlaması lazımdır.

O.Şahmalıyev bildirib ki, kəskin istilərin mənfi təsirinə körpə uşaqlar, yaşlı insanlar, eyni zamanda, xroniki xəstələr daha çox məruz qalırlar.

Qeyd edək ki, ümumilikdə may ayındann bu günə qədər 57 nəfər günvurma diaqnozu ilə Təcili Tibbi Yardıma müraciət edib. Onlardan 19-u xəstəxanaya yerləşdirilib.

 

Şərhlər

Çox oxunanlar