Cəbhə bölgəsində soyqırımı abidəsi açıldı
26.02.2018 11:42 Sosreaksiya 1484
Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Horadiz şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidənin açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini, Füzuli rayonundan millət vəkili Bahar Muradova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva, rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri, əmək kollektivləri iştirak edib.
Alı Alıyev çıxış edərək, 26 il əvvəl erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. Bildirib ki, Xocalı soyqırımı XX əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.
Bahar Muradova bildirib ki, 1992-ci il fevralın 26-sı Azərbaycan və dünya, bəşər tarixinə insanlıq əleyhinə ən qanlı cinayət kimi yazılıb.
Sonda tədbir iştirakçıları məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsm sərgisinə baxıblar.
Şərhlər