Beynəlxalq qurumların təmsilçiləri “BİR PƏNCƏRƏ” İxraca Dəstək Mərkəzində olub
28.02.2018 15:53 Sosreaksiya 1462
Azərbaycanda yaradılan “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti beynəlxalq qurumların və xarici şirkətlərin diqqətini cəlb edir. Reaksiya.az-ın xəbərinə görə, ötən bir həftə ərzində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Avrasiya regionu üzrə təmsilçiləri Patrik Pruzinski, Lisa Klinger və Daniel Quadbek, İsveçrənin OrientSwiss şirkətinin qurucusu və rəhbəri Mehrzad Khoi, eləcə də şirkətin Qazaxıstan nümayəndəliyinin direktoru Sardor Muxamadaliev “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində rəqəmsal ticarət sahəsində görülən işlər barədə fikir mübadiləsi aparıblar.
Dünya Bankının Maliyyə mütəxəssisləri Tural Camalov, Natalia Manuilova və Vladimir Krivenkov, eləcə də FINCA Mikromaliyyə Holdinqinin Baş İcraçı Direktoru xanım Andrée Simon, FINCA Azərbaycanın rəhbəri Timoti Tarrant da “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə tanış olduqdan sonra bildiriblər ki, bu layihə ixracatın təşviqi istiqamətində böyük uğurdur.
Xarici qonaqlara "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə dövlət qurumlarının xidmətlərindən və funksional xüsusiyyətləri barədə ətraflı məlumat verib. O bildirib ki, ixracatçı sahibkarlar vahid məkandan ixracat üçün bütün prosedurları ən qısa bir müddətdə və daha az resurs sərf etməklə əldə edirlər. Belə ki, İxraca Dəstək Mərkəzində sahibkarlara xidmət üçün İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndələri fəaliyyət göstərirlər. Mərkəzdə mənşə, keyfiyyət, fitosanitar sertifikatlar, nəsli kəsilməkdə olan yabanı flora və fauna növlərinin ölkədən çıxarılması üçün icazə, baytarlıq icazəsi, mədəni sərvətlərin mühafizəsi şəhadətnaməsi və dini təyinatlı kitab və disklərin ixracı üçün icazə verilir. Nicat Hacızadə əlavə edib ki, hazırda Azərbaycan İxracatının 15%-ə qədər hissəsi “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilir. Hazırda “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində ixracatçılara maliyyə, bank, sığorta, marketinq, brendinq və s. sahələrdə məsləhət xidməti və təlimlər də keçirilir. Qeyd edək ki, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Prezident İlham Əliyevin 23 Fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yerləşir.
Gülnaz Qənbərli
Şərhlər