Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

14.03.2018 12:44     Sosreaksiya     1199

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində hüquq-mühafizə orqanları üçün kadr hazırlığını həyata keçirən tədris müəssisələri, o cümlədən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə səmərəli əməkdaşlıq əlaqələri davam etdirilir.

Reaksiya.az-ın xəbərinə görə, Ədliyyə Akademiyası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində icbari təlim kurslarının proqramına insan hüquqları, habelə Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) fəaliyyəti ilə bağlı mövzular da daxil edilib. Bu baxımdan növbəti tədris mövzusu “Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti” mövzusunda olub və mühazirə Ombudsman Aparatının şöbə müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə tərəfindən Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa yeni qəbul olunmuş şəxslərə tədris olunub.

R.Rumzadə tərəfindən BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Ombudsmanının Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunması, bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün ölkədə şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə müntəzəm keçirilən baxışlar, verilmiş tövsiyələr və onların icrası vəziyyətinə dair məlumatlar milli, xarici ölkə və beynəlxalq təşkilatların təcrübəsindən misallar gətirməklə dinləyicilərin diqqətinə çatdırılıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının sənədi olan, pis rəftar növlərinin və cəzaların tətbiqinin effektiv tədqiq edilməsi ilə bağlı “İstanbul Protokolu”, SPT tövsiyələri və CPT-nin ümumi məruzələrində yer almış standartları, habelə əlaqəli şəkildə milli qanunvericilik aktları tədris olunub.

Dinləyicilərə Ombudsmanın təşəbbüsləri və təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasının milli qanunvericiliyində həyata keçirilən islahatlar, Müvəkkilin insan hüquqlarının müdafiəsi və Milli Preventiv Mexanizm qismində fəaliyyəti, beynəlxalq standartlar əsasında rəftar məsələləri və saxlanma şəraitinin araşdırılmasında göstərdiyi yanaşmalar haqqında geniş məlumat verilib.

Ölkə Ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət, o cümlədən MPM qismində fəaliyyəti dinləyicilər tərəfindən maraqla qarşılanıb, onların çoxsaylı sualları ətraflı cavablandırılıb.

Gülnaz Qənbərli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar