Kamran Əsədli: “DİM-in keçirdiyi imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır”

27.03.2018 11:30     Sosreaksiya     1407

Məlahət Mürşüdlü: “DİM-in bütün xərcləri bu vəsait hesabına qarşılanır”

2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvindən sonra yaradılan Dövlət İmtahan Mərkəzi (DİM) bakalavr, eləcə də magistraturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanları təşkil edir. Lakin sınaq imtahanında iştirak etmək arzusunda olanlar ödəmə kartının baha olmasından şikayətçidirlər.

“Yeni Müsavat”a müraciət edən tələbələr bildirirlər ki, yeni qurum yaradıldıqdan sonra sınaq imtahanlarına daxil olmaq üçün ödəmə kartlarının qiymətində kəskin artım oldu. Bu hal isə onların büdcələrinə uyğun deyil. Bildirilir ki, əgər əvvəllər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi sınaq imtahanlarına giriş kuponu 3 manata satılırdısa, hazırda şagirdlər üçün birdəfəlik ödəmə kartı 20 manat, magistratura səviyyəsinə qəbul olmaq istəyənlərə təşkil edilən sınaq imtahanlarına isə 30 manata giriş mümkündür. Bu hal isə yuxarıda da qeyd etdiyimiz kimi, həm tələbələrdə, həm də şagirdlərin valideynlərində narazılıq yaradıb.

Məlahət Mürşüdlü ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, Dövlət İmtahan Mərkəzi özünü maliyyələşdirən təşkilatdır: “Bazarın qiymətlərinə uyğun olaraq da ödənişlərini təyin edir. Çünki bu qurum dövlət tərəfindən maliyyələşməyən bir təşkilatdır. Onun bütün xərcləri-əmək haqları, sınaq imtahan testlərini hazırlayan müəllimlərin qonorarı və digər bu kimi ödənişlərdir. Buna görə də məbləğ də əvvəlki kimi deyil. Deyə bilmərəm ki, bu məbləğ çoxdur, yoxsa azdır. Əhalinin ümumi iqtisadi vəziyyətinə baxanda deyə bilərik ki, bəli, 20 manat çoxdur. Ancaq bu vəsait DİM-in  xərclərini tam ödəyirmi? Bu haqda məlumatlar yoxdur. Vətəndaşın iqtisadi durumunu nəzərə alaraq mən də düşünürəm ki, bu qiymət çoxdur. Əgər nəzərə alsaq ki, bir ailədə uşaq il ərzində 4-5 dəfə imtahanlara girəcəksə, bu, bir ailə üçün xərcdir. Ailə başçıları işsiz olan, aztəminatlı ailələr üçün məbləğ yüksəkdir”.

Kamran Əsədov ile ilgili görsel sonucu

Təhsil eksperti Kamran Əsədov isə “Yeni Müsavat”a DİM-in bir sınaq imtahanına xərclədiyi məbləği açıqlayıb və söyləyib ki, giriş kartı olduqca bahadır: “TQDK ləğv olunduqdan sonra publik hüquqi şəxs olan DİM yarandı. Buna qədər imtahanlar dövlət tərəfindən maliyyələşirdi. Ancaq maraqlı tərəf ondan ibarətdir ki, imtahanlar dövlət tərəfindən maliyyələşsə belə, yenə də vətəndaşlar 3 manat pul ödəyirdilər. İndi belə məlumatlar yayırlar ki, guya DİM yaranana qədər hər şey pulsuz olub. Xeyr, insanlar o zaman da qəbul və sınaq imtahanlarında iştirak üçün pul ödəyirdilər. DİM yaranandan sonra isə bu məbləğlər ciddi şəkildə artırıldı. Nəzərə alaq ki, bakalavr səviyyəsində qəbul imtahanlarına giriş kartı 40 manat, sınaq imtahanları isə 20 manatdır. Magistratura səviyyəsində qəbul imtahanları 50 manat, sınaq imtahanları isə 30 manatdır. Ancaq magistratura pilləsində sınaq imtahanlarında iştirak zamanı sual kitabçaları verilmir. Əgər vəsaitin bütün xərclərini ödəmişəmsə, deməli, sual kitabçası da məndə qalmalıdır. Yəni belə çıxır ki, siz bir məhsulu satışa çıxarırsınız, pulunu verirəm, ancaq siz həmin məhsulu mənə vermirsiniz.

Bu, birinci uyğunsuzluqdur. İkincisi də, əlbəttə ki, sınaq imtahanlarında istifadə olunmuş test modellərinə çəkilən xərcdir. Məsələn, sualı yazan müəllifə bir suala görə 1 manat pul verilir. Bir sual kitabçasına ümumilikdə suallar üçün 125 manat xərc çəkilir. Yoxlayan ekspertə isə 1 sual üçün 50 qəpik ödənilir. Ortaya çıxan bu xərci hər sual kitabçası üçün xərcləmirlər. 18 səhifəlik sual kitabçasına vərəqin birinə 0.2 qəpik xərclənir. Ümumilikdə sual kitabçasının hazırlanması üçün 220 manat pul xərclənir. Lakin hər adam üçün 1 sual kitabçası çıxarılmır axı...

1 sual kitabçası düzəldirlər, imtahanda 40 min nəfər iştirak edir. Təsəvvür edin ki, bu məbləğ də onun arasında bölünür. Əgər sınaq imtahanında 30 min nəfərdən çox adam iştirak edərsə, imtahanın qiyməti 7 manatdan artıq ola bilməz. Burada kifayət qədər ciddi rəqəm var. Əgər imtahanda 40 min nəfər iştirak edirsə, onu 20 manata vurun və görün hansı məbləğ ortaya çıxır... Axı DİM imtahanlara bu qədər vəsait sərf edə bilməz. Üstəlik, sınaq imtahanında istifadə olunan test tapşırıqları da təzə deyil. TQDK fəaliyyətdə olan vaxtı həmin testlər dövlət büdcəsi hesabına alınıb. Deməli, indi həmin testlər DİM-ə pulsuz olaraq başa gəlib. Nəticə olaraq bu qurum pul xərcləmədən böyük vəsait qazanır”.

Ekspert bildirib ki, hazırda sınaq imtahanlarına qeydiyyatdan keçmək də çətinləşdirilib: “Əvvəllər sınaq imtahanlarına yerlər 1 günə dolurdusa, indi hələ də nə aprel ayının 1-i üçün olan yerlər tam dolub, nə də 15-i üçün olan yerlər. Çünki birincisi, qeydiyyatdan keçmək sistemi olduqca çətindir. İkincisi də qiymət bahadır. Hesab edirəm ki, əgər qazanc əldə etmək, eyni zamanda həqiqətən də şagirdlərin bilik və bacarığını yoxlamaq istəyirlərsə, o zaman imtahanın qiyməti 10 manatdan artıq olmamalıdır. Təhsilə xidmətdən söhbət gedirsə, bu, 10 manatı keçə bilməz. Sınaq imtahanlarının qiyməti düzgün deyil. İmtahanda bir otaqda iştirak edən nəzarətçiyə 30 manat verirlər. Yəni xərclərə baxanda görürük ki, əldə edilmiş gəlirlər kifayət qədər çoxdur. Bu da doğru hal deyil”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar