NK-nın 56 saylı qərarı: "Bayıl təhlükəlidir!"
27.03.2018 12:13 Sosreaksiya 1384
Bayıl sürüşmə sahəsində heç bir dəyişiklik yoxdur, vəziyyət sabitdir.
Reaksiya.az xəbər verir ki, bunu report-a ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ərazidə yenidən sürüşmə hadisəsinin gözlənilib-gözlənilmədiyi sualına cavab verən mütəxəssisin sözlərinə görə, Bayıl zonasının müxtəlif yerləri daimi sürüşməyə meyilli ərazilərdir: "Burada ilk dəfə 1847-ci ildə sürüşmə qeydə alınıb. Sonuncu sürüşmə isə 2000-ci ildə baş vermişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2004-cü il hesabatında son sürüşmənin baş verdiyi ərazi konturlaşıb ki, sürüşməyə meyilli, təhlükəli ərazidir və nə vaxtsa orada sürüşmə baş verə bilər".
"Sürüşmə təhlükəsinin olduğu ərazidə əhalinin məskunlaşmasını mütəxəssis kimi məsləhət görməzdim" - deyən Ə.Qaralovun sözlərinə görə, 2004-cü il hesabatlarında vurğulanıb ki, Bayıl yamacını yükləmək olmaz, orada tikinti işlərinin aparılması qadağan olunmalıdır: "Nazirlər Kabinetinin də həmin ərazi ilə bağlı 56 nömrəli qərarı var. Bayıl yamacını heç bir vəcvlə yükləmək olmaz, həmin ərazidə tikinti işləri aparılmamalıdır. Bu ərazi yaşayış üçün təhlükəlidir".
Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov isə Trend-ə bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) aprel ayının əvvəlindən Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işlərinə başlayacaq.
R.Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün hazırlıq işləri görülür.
Nazirlik rəsmisi qeyd edib ki, bu tədqiqatlar zamanı ərazinin müxtəlif yerlərində müxtəlif dərinlikdə olan quyular qazılacaq və süxur nümunələri götürüləcək.
R.Həsənov bildirib ki, tədqiqatlar davamlı olaraq, bir necə ay davam edəcək. Tədqiqatlar nəticəsində sürüşmənin baş vermə səbəbi, prosesin dinamikası ilə bağlı daha dəqiq məlumatlar əldə ediləcək:
“İndiyədək mayaklar, reperlər üzərində müşahidələr aparılırdı. Yer səthində quraşdırılaraq peykə qoşulan reperlər vasitəsilə torpaq qatında olan cüzi dəyişmələr - çökmə, sürüşmə qeydə alınır. Reper məlumatı dəqiq ötürərək ərazidə hansısa prosesin baş verdiyi barədə bizə məlumat verir. Ancaq prosesin hansı səbəbdən və hansı miqyasda baş verdiyini deyə bilmir. Ona görə də buruq-qazma işləri aparılaraq yeraltı geoloji araşdırma işləri həyata keçiriləcək. Yerin daha dərin qatlarında olan süxurların yatım forması öyrəniləcək. Nəticədə prosesin baş verməsi səbəbini müəyyənləşdirmək mümkün olacaq. Səbəb bəlli olduqdan sonra isə prosesin nə qədər davamlı olacağı barədə fikir yürütmək mümkün olacaq".
R.Həsənov hazırda Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesində aktivləşmənin qeydə alınmadığını da açıqlayıb: “Həm mayaklardan, həm də reperlərdən görünür ki, ərazidə heç bir dəyişiklik yoxdur. Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesi müvəqqəti olaraq dayanıb. Amma ola bilər ki, Yerin dərinliklərində proses gedir. Təbii və texnogen amillərin təsirindən aktivləşmə baş verə bilər. Buna görə də ərazidə sürüşmə prosesinin bitdiyini demək çox tezdir”.
Qeyd edək ki, yanvarın 24-də Bayıl yamacında baş vermiş sürüşmə nəticəsində ərazidə olan 98 ev təhlükəli vəziyyətə düşüb, sakinlər ərazidən çıxarılıb.
Hadisədən bir neçə gün sonra isə ərazidə 4 ev tam uçub, 2 ev isə yararsız vəziyyətə düşüb.
Şərhlər