Azərbaycana qarşı hibrid SAVAŞ GEDİR

27.03.2018 13:02     Sosreaksiya     2263

Ölkəmiz indi iki düşmənlə üz-üzədir. Düşmənlərdən biri bəlli - Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayan, Dağlıq Qarabağda hərbi xunta vasitəsilə "millətin öz müqəddəratını həll etmək hüququ" kimi absurd iddialarla çıxış edən və terrorla şovinizmi, ifrat millətçiliklə xəstə millətçiliyi dövlət siyasətinə çevirmiş Ermənistan.

İkinci düşmən isə bu yaxınlarda formalaşıb və o, bizə qarşı ən son texnologiyalardan, müasir metodlardan istifadə edərək mübarizəyə başlayıb.

Azərbaycan ingilislərin "hybrid warfare" dedikləri hibrid savaşla qarşılaşıb.

Klassik müharibələrdən və silahlı qarşıdurmalardan fərqli olaraq hibrid savaş zamanı hədəf seçilmiş dövlətin ərazisinə hərbi müdaxilə olmur.

Oyun qaydaları fərqlidir. Hədəf ölkə gizli əməliyyatlar, təxribatlar, kiberhücumlar, sosial şəbəkələrdə marionetkalar vasitəsilə hücuma məruz qalır. Eyni zamanda, ölkə daxilindəki potensialsız, zəif, normal şərtlərlə və konstitusion çərçivədə hakimiyyətə gəlişi xülya olan radikal müxalifətə genişmiqyaslı, müxtəlif formalı, amma gizli dəstək verilir.

Hibrid savaş zamanı hücum edən tərəf münaqişəyə bilavasitə cəlb olunduğunu istənilən an təkzib edə bilmək üçün fəaliyyətinin, əməllərinin strateji idarəetməsini kənardan gerçəkləşdirir.

Belə savaşın ən bariz nümunəsi SSRİ-nin Əfqanıstana yeritdiyi qoşunlara qarşı ABŞ-ın Pakistanda "Taliban" hərəkatı yaratması və sonra da mücahidləri Əfqanıstana yeritməsi idi.

Azərbaycana qarşı başlanmış hibrid savaş da həmin qaydalar əsasında aparılır. Yox, ölkəmizin ərazisinə terrorçuları və ya silahlı dəstələri yeritmək niyyəti hələ yoxdur. Əvəzində, söz terrorçuları, söyüş və şayiələrlə silahlandırılıb kütlə qarşısına çıxarılan oyuncaqlar ortaya atılıb.

Orduxan Bəbirov, Elşad Abdullayev, Hüseyn Abdullayev, Vidadi İsgəndərli, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev və bu kimi siyasət rüşeyimlərinə Azərbaycana qarşı sosial şəbəkələrdə "assimetrik savaş" açmaq tapşırığı veriləndən sonra onlar aktivləşiblər.

Bu adamlar Azərbaycanı sevmələri, erməni terrorçunun əsl simasını və Xocalı soyqırımı barədə həqiqətləri dünyaya çatdırmağa çalışdıqlarını, demokratiya və insan haqları uğrunda mübarizə apardıqlarını istədikləri qədər təkrarlaya bilərlər.

Onlar Azərbaycan bayrağına bürünə də bilərlər, bayraq çiyinlərində küçələrdə aksiya da keçirə bilərlər.

Heç nə dəyişən deyil, mahiyyət və məram eynidir.

Avropa ölkələrinə sığınan və son vaxtlaradək trivial videobloqerliklə, bir də məzmunsuz və proqramsız "müxalifətçi"liklə məşğul olan kəslərin paylaşdıqları videoların əsas qayəsi belə idi: "Gözəl Azərbaycan xalqı, görün, Avropada necə yaşayırlar, siz necə yaşayırsınız!" Öz aləmlərində geniş kütləyə ciddi təsir edə biləcək müqayisələrə əl atan, az qala "əyani vəsait" saydıqları "Avropa ayaqyolları", "Avropa səkiləri", "Avropa pəncərələri", "Avropa dükanları" və "daha hansı "Avropa ...ı"larını kameraya çəkən, sonra dilimizi ağlar günə qoyaraq qol-qabırğası sındırılan sözlərlə kəlmə töküntüsünə başlayan kəslər indi qəflətən "virtual inqilabçı"lar, "siyasi mühacirlər" olublar.

Onlar "Azərbaycaqda hakimiyyəti devirəcəyik" deyirlər, "bütün dünyada aksiyalara başlayacağıq" söyləyirlər. Vidadi İsgəndərli isə daha da irəli gedir, "siz hələ bilmirisiniz necə kozırlarımız var" söyləyir.

Əvvəla, söyüş və təhqiri, tərbiyəsiz ifadələri "siyasi fəaliyyət növü" sayan bu şəxslərin heç bir "kozır"ı yoxdur. Olsa belə, onların heç bir halda sabah hansı addımları atacaqları barədə məlumatları yoxdur.

Ola da bilməz, çünki onlar prosesləri idarə etmirlər.

Onlar hadisələrin məcrasında idarə olunan fiqurlardır.

İdarə olunan isə əsla idarə edənin məramlarından və niyyətlərindən xəbərdar olmur.

"Siyasi mühacirlər"in ritorikasına fikir verin: Onlar sürəkli olaraq aqressiv, emosional  danışırlar, bəzən də nitqlərini istehzalı gülüşlə bitirir, amma mütləq "Biz qalib gələcəyik" deyirlər.

Belə ifadələr onların özlərindən bədgüman qalmaları, başladıqları prosesin uğurla sonuclanacağına təhtəlşüur səviyyəsində inanmadığını, sadəcə, mövcud vəziyyətdə çarəsiz qalaraq oyuna davam etdirmələrini göstərir.

Hibrid savaşın mahiyyəti də hədəfə qarşı əməliyyatlarının vaxtının uzadılması, rəqibin səbrinin tarıma çəkilməsi, onun əsəblərinin sınanmasıdır. Yeni dünya düzənində səbr savaşında həmişə hücum edən tərəf daha effektiv davranmaq məcburiyyətindədir.

Hələ Britaniya kəşfiyyatçısı ərəbistanlı Lourens demişdi: "Əgər savaş yetərincə uzun-uzadı olarsa, qələbə şəksizdir".

Məhz bu səbəbdən də "siyasi mühacir+bloqer"lər virtual savaşa başlayaraq "virtual inqilab"dan danışırlar.

Cənubi Qafqazda, ümumilikdə postsovet məkanındakı situasiyanı nəzərə alsaq, belə danışıqlar sadəlövhlük, hadisələrin və proseslərin primitiv təqdimatıdır.

Heç bir virtual inqilab olmayıb, yoxdur. Azərbaycana qarşı da "inqilab" hədələri, təhdidləri bəsit təsir bağışlayır.

Amma ilk baxışdan belədir: əslində söyüş və təhqir ritorikasını seçənlər ölkəmizə yönəlmiş çox məkrli siyasətin vintləridir, tapşırılan rolları da kimisi bilərəkdən, kimisi də bilməyərəkdən həvəslə ifa edir.

Üç səbəb var:

1. Azərbaycan müstəqil dövlətdir

2. Azərbaycan müstəqil müsəlman dövlətidir

3. Azərbaycan postsovet məkanındakı dövlətlərin tam əksəriyyətindən fərqli olaraq, xarici siyasətini HEÇ BİR ölkə ilə razılaşdırmır, KİMSƏdən göstərişlər və əmrlər almır.

Azərbaycan ərazi baxımından kiçik olsa da, regional siyasətlə yanaşı, qlobal siyasətdə öz sözünü demiş, deyən və deyəcək ölkədir.

Azərbaycanı isə ölkəmizə qarşı hibrid savaş aparan güclər, ölkələr və qüvvələr öz anlamlarındakı "sıradan bir müsəlman ölkəsi"nə çevirmək istəyirlər.

O ölkə ki, hərbi çevrilişlər və qiyamlar sıralansın, hakimiyyət dəyişiklikləri mütləq hansısa "qiyamçı polkovnik" və ya "sosial şəbəkə qəhrəmanı"nın guya "vasitəsi" ilə reallaşsın, ərazisində xaos, yoxsulluq, səfillik bərqərar olsun. Ərazisi parçalansın, əyalətləri müxtəlif dəstələrin və bandaların nəzarətinə keçsin, təriqət və məzhəb savaşları alovlansın,  mərkəzi hakimiyyətin sözü paytaxtın mərkəzi məhəllələrindən o yana keçməsin, əhalisi dərbədər və sərgədan olub müxtəlif məkanlara, ölkələrə səpələnsin.

Və o zaman, bax o dövrdə Qərbin "demokratik" qüvvələri zirehli maşınlarla, tanklarla, təyyarələrlə gedib o binəva ölkəni "demokratikləşdirməyə" başlasınlar: evləri adamların başlarına uçuraraq, xəstəxanaları bombalayaraq, bandaları və dəstələri silahlandırıb bir-birinin üstünə qısqırdaraq, ən nəhayət ölkəni faktiki olaraq parçalayaraq.

Ölkəmizə qarşı hibrid savaş aparanların xəyallarında Azərbaycan belədir.

Amma o xəyalların üstünü toz basıb artıq.

Fikir verin, "siyasi mıühacirlər"in az qala hamısı "Biz inqilabçılarıq, ərəb ölkələrində də inqilablar sosial şəbəkələrdə başladı" deyirlər və baş vermiş hadisələrdən tam xəbərsiz olduqlarını göstərirlər.

Qərb Yaxın Şərqdə və Afrikanın şimalındakı müsəlman ölkələrini "Ərəb baharı" vasitəsilə viran qoyulması ilə sonuclandısa, hansı inqilabdan danışmaq olar?

Əgər "Ərəb baharı" yaşanan ölkələr indi onillərlə geri düşübsə, iqtisadiyyatı çökübsə, ölkə ayrı-ayrı "cihadçı", əslində terrorçu birləşmələrin və Qərbin ofisiantları rolunu yerinə yetirən nakəslərin əlində qalıbsa, ərəblər inqilab etmədilər - dəvələrini öldürdülər.

İndi o dəvəsi ölmüş ərəblər o mənhus, məkrli, heybətli və qanlı "Ərəb inqilabı" oyunundan əvvəlki dövrün xiffətini çəkirlər.

Onlar Qəddafinin dövründəki Liviyanı, Mübarəkin dönəmindəki Misiri, Hafiz Əsədin vaxtındakı Suriyanı sidq-ürəkdən arzulayırlar və yaşananlar da göstərir ki, saxta "inqilab" skeletinin sümüyü boğazında qalan ərəblər ayılıblar.

Azərbaycana gəldikdə isə, prezident seçkilərinin vaxtının irəli çəkilməsi o "demokratik qüvvələr"in payıza hesablanmış planlarını alt-üst etdi.

Onlar sosial zəmindəki narazılıqları inqilaba çevirməyi arzulayırdılar, amma alınmadı, Azərbaycan bu çirkin planı da alt-üst etdi.

Çılğına çevrilən, niyyətlərinin puç olmaq ərəfəsində olduğunu anlayan qüvvələr də hibrid savaşa başlayaraq sosial şəbəkələri siyasi şəbəkələrə çevirməyə, marginalları siyasiləşdirməyə çalışdı.

Onlar sosial problemləri qabartmağa can atırlar.

Ölkə insanı bu qara güclərə inanmır.

Amma inamı siqlətli olmayanlardan soruşuram: qaz, işıq, su, kanalizasiya, maaş, iş, ev, təqaüd və s. ilə bağlı probelmləri mizan-tərəzinin bir gözünə qoyaq, o biri gözünə də millətin azadlığının və dövlətin müstəqilliyini.

Hansı ağır gələcək?

Danimarkada, Fransada, Belçikada, Almaniyada oturub "ah, baxın bura, sonra Azərbaycanla müqayisə edin" deyənlərsə lütfən, bir anlıq düşünsünlər: həmin ölkələrin rifahı dünən formalaşıb, üstünlük və azadlıqları indi, bu gün olub?!

Söz azadlığı, demokratiya, insan haqları yaxşı məsələlərdir

Amma liviyalı qaçqın kimi istədiyini danışan adam, Hələb şəhərində başına bombalar yağan və demokratik azadlığı yalnız ölüm yolunun seçilməsindən ibarət olan suriyalı, Almaniyanın küçələrində alüminium qablar yığıb çörək pulu qazanmağa çalışan əfqanın insan kimi haqları onlara nə verəcək?

"Demokartiya carçıları"nın zəlil günə qoyduğu ölkədə dərbədər olub çadırlarda yaşamaq, yoxsa küçədə çadırı yalnız yasda görmək?

Hə, "ərəb ölkələrində də inqilablar sosial şəbəkələrdə başladı" deyən, özlərini "siyasi mühacir" sayan soydaşlarımın nəzərinə: həmin sosial şəbəkə "qəhrəman"larının əksəriyyəti indi "Ey mənim gözəl xalqım" deyərək xitab etdikləri ölkələrində cinayətkar sayılırlar.

Onları hakimiyyətlə yanaşı, xalq da cani bilir, məruz qaldıqları məşəqqətlərə görə lənətləyirlər.

Ərəblər gec də olsa, ayılıblar və "virtual inqilab"ların əslində Qərbin bəlli güclərinin ərəb ölkələrində nəzarətə tam yiyələnmək üçün apardığı oyun olduğunu dərk ediblər.

Cənablar, bütün "virtual inqilabçılar" - sonrakı talelərinin gerçəkdən də, acı olması bir yana - qaçaqmalçıdılar. Onlar "mal" saydıqları söyüşləri, təhqirləri, dövlət çevrilişinə çağırışları ölkəmizin sərhədlərindən üzübəri yollamağa çalışır.

Hibrid savaşın ən primitiv yönüdür bu.

O tərəfdəki sosial şəbəkə qaçaqmalçılarında strateji düşüncə də yoxdur və bu səbəbdən özlərini qürrələnərək şəstlə "kozır" dedikləri, əslində isə Avropa küçələrini vyetnamlı küçə tacirləri təki dolaşaraq ora-bura kağız yapışdırmaqla nə isə etdiklərini düşünüb "aksiya" adlandırdıqları nəsnələrin eyforiyasına qapılıblar.

Əks təqdirdə Azərbaycanın yüksək rütbəli dövlət mənsublarını yox, Ermənistanın terrorçu, işğalçı rəhbərliyindəki cəlladlara qarşı belə fasiləsiz kampaniya aparmamalarının onların kim olduqlarını ortaya qoyduğunu anlardılar.

Çiyinə Azərbaycan bayrağı salıb bir-iki dəfə mitinqə qatılmaq Azərbaycanın maraqlarını müdafiə etmək deyil, qaçaqmalçılar.

Özünüz aldanırsınızsa, bizləri aldanmış saymayın.(milli.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar