Abituriyent olmağa hazırlaşanlara faydalı məsləhətlər
27.03.2018 14:11 Sosreaksiya 1028
Universitetə qəbul olmağı məqsəd kimi seçən abituriyentlər, adətən ,bir proqram tərtib edib, o proqrama uyğun olaraq hazırlaşırlar. Yəni hazırlıq sistemli şəkildə davam edir. Burada öyrənilən biliyin nə dərəcədə çətin və asan olmasının da əhəmiyyəti böyükdür. Bəzi mövzular daha asan, bəziləri isə çətin xatırlanır. İndi isə onların hansı mövzular olduğunu nəzərdən keçirək.
İxtisasca hüquqşünas olan Mümin Sekmanın araşdırmalarına görə tez unudulub çətin xatırlanan mövzular aşağıdakılardır:
Bütün məzmununu dərk etmədiyiniz mövzular. Mövzunu nə qədər oxuyursunuzsa oxuyun, dərk edilmirsə, yadınızda qalmayacaq və lazım olan anda həmin mövzu xatırlanmayacaq.
Rəqəmlər və adlar. Adətən tarix dərslərində baş verən hadisələrin illəri, eləcə də sərkərdələrin adları yadda qalmır. Onları yadda saxlamaq üçün beyninizdə onlarla bağlı maraqlı, qeyri-adi vizual görüntülər canlandırmalısınız.
Şüursuz olaraq təsadüfən öyrəndikləriniz. Təsadüfən öyrənildiyi üçün həmin mövzu üzərində çalışılmır və beləcə tez unudulur.
Fasilə vermədən uzun müddət işləyərək öyrəndikləriniz. Bu zaman da beyin yorulur və belə halda oxunan mövzular da tez yaddan çıxır.
Təkrar etmədiyiniz mövzular. Burada "Təkrar biliyin anasıdır" deyimi yada düşür. İlk təkrarı öyrənmə prosesinin sonunda etməlisiniz. Bu on dəqiqə davam etməlidir. İkinci təkrar iyirmi dörd saatdan sonra iki-dörd dəqiqə müddətində edilməlidir. Bir həftə sonra mövzu üçüncü dəfə iki dəqiqəlik təkrar edilməlidir. Və nəhayət bir aydan sonra isə iki-dörd dəqiqəlik müddətdə dördüncü təkrar edilir. Beləliklə, təkrar edilmiş mövzu uzun müddət yadda qalır.
Xoşbəxt olmadığınız anda öyrəndikləriniz. Bu zaman mövzu həvəssiz öyrənildiyi üçün yadda qalmır.
İstəməyərək, məcburiyyət qarşısında öyrəndikləriniz. Bu halda da mövzu həvəssiz oxunulduğu üçün yadda qalmır. Belə olan halda məqsədlərinizi yada salın!
Üzərində düşünmədən öyrəndikləriniz. Bu o deməkdir ki, öyrəndiyiniz mövzunu düşünməli, mövzuya uyğun suallar tərtib etməlisiniz.
Yuxusuz olduğunuz vaxt öyrəndikləriniz. Əlbəttə ki, yuxu çox önəmlidir. Bu, beyninizin istirahət etməsini tənzimləyir və oyandıqdan sonra oxunan mövzu daha yaxşı yadda qalır.
Gərgin olduğunuz vaxtlarda öyrəndiyiniz məlumatlar. Bu zaman dincəlməli və məqsədinizi xatırlamalısınız. Çünki məqsədiniz sizə stimul verir və siz daha da səylə çalışmağa başlayırsınız.
Passiv dinləyərək öyrəndiyiniz məlumatlar. Müəllimi təkcə diqqətlə dinləmək deyil, danışılan mövzuya aid verilən suallar da çox önəmlidir. Belə olan halda mövzu daha çox yadda qalır.
İndi isə asan xatırlanıb az unudulan mövzulara keçək:
İnsanların başa düşdüyü hesab edilən, lakin tamamilə dərk edilməmiş məlumatlar. Oxunan məlumat az da olsa dərk edilirsə, yadda saxlanılır.
Şüurlu şəkildə hafizənizə həkk olunan məlumatlar.
Tez-tez təkrarladığınız məlumatlar. Hansı ki, təkrarın nə qədər faydalı olduğunu əvvəldə də qeyd etmişdik.
Xoşbəxt və əhvalınız yaxşı olarkən öyrəndikləriniz.
İstəyərək, həvəslə və yüksək motivasiya ilə öyrənilən biliklər.
Düşünərək öyrəndikləriniz.
Həmişə eyni vaxtda və eyni yerdə öyrənilən məlumatlar.
Müsbət, qeyri-adi, qəribə və rəngarəng biliklər.
Yatmamışdan qabaq və oyandıqdan dərhal sonra öyrəndiyiniz biliklər.
İnsanı uğura istiqamətləndirən biliklər.
Maraq və bilik dairənizə aid olan məlumatlar.
Gərgin olmadığınız vaxtlarda öyrəndikləriniz.
Əhəmiyyətli olduğunu düşündüyünüz biliklər.
Aktiv dinləyərək öyrəndiyiniz biliklər.
Ümid edirik ki, qeyd edilən məlumatlardan abituriyentlər və eləcə də öyrənmək istəyi olan hər bir kəs faydalanacaq. Çətin və asan xatırlanan mövzuları bildikdən sonra onlara uyğun hərəkət etməyiniz kifayətdir.
İmtahanda qarşınıza çıxan sualların cavablarını asanlıqla yada salmaq diləyi ilə, UĞURLAR, əziz abituriyentlər.
Nilufər
Şərhlər