Qaradağ rayonunda evdən 200 min manat pul oğurlayan şəxslər saxlanılıb
27.03.2018 14:26 Sosreaksiya 1139
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən Qaradağ rayonunun Sahil qəsəbəsində zərərçəkənə külli miqdarda ziyan vurmaqla törədilən oğurluq hadisəsinin üstünün açılması istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildiriblər ki, martın 21-də Qaradağ Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən mənzilindən 200 min manat, 1500 ABŞ dolları məbləğində pulun və külli miqdarda qızıl-zinət əşyalarının naməlum şəxslər tərəfindən oğurlandığını bildirib.
Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən “isti izlər”lə və peşəkarlıqla həyata keçirilən əməliyyat tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakinləri – Dünyamalı Gülalıyev, əvvəllər məhkum olunmuş Osman Məmmədov və Yadigar Dadaşov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma zamanı müəyyən edilib ki, zərərçəkənin evində külli miqdarda pul və qızıl-zinət əşyalarının olması barədə məlumat əvvəlcə D.Gülalıyevdə olub. O, həmin evdən oğurluq etməyi digər şəxslərə məsləhət görüb və mənzilin yerləşdiyi ünvanı onlara göstərib. Həmin şəxslər bunun müqabilində isə oğurlanan puldan 30 min manatın D.Gülalıyevə verilməsi barədə razılığa gəliblər. D.Gülalıyev hadisə baş verən gün zərərçəkənin evdə olmadığı barədə O.Məmmədova və Y.Dadaşova məlumat verəndən sonra onlar mənzilə daxil olublar.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. (Azərtac)
Şərhlər