473 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub
27.03.2018 15:55 Sosreaksiya 901
Cari ilin yanvar-fevral aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 473 nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil olunub.
ƏƏSMN-dən verilən məlumata görə, onlardan 443 nəfəri Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə qeyd edilən kurslara cəlb ediliblər. Xidmətin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran kimi qeydiyyata alınmış vətəndaşlar peşə və ya ixtisaslara malik olmadıqda, yaxud peşə vərdişlərinə uyğun gələn iş tapılmadığı təqdirdə onlar üçün əmək bazarına çıxış imkanına yiyələnmələri məqsədilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilir. Kurslarda əmək bazarının tələblərinə uyğun peşələr (inşaat rəngsazı, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, mebel quraşdırıcısı, avtomobil təmiri üzrə çilingər, dülgər-xarrat, kompyuter istifadəçisi, qənnadçı, dərzi, xalçaçı və s.) tədris olunur.
Qalan 30 nəfər şəxs isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə peşə təliminə qəbul edilib.
Peşə hazırlığı və əlavə təhsil kurslarını bitirən şəxslərə peşə şəhadətnamələri verilir, onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən aidiyyəti işlər aparılır.
Gənclərin peşə maraqlarının və peşə meyillərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi üçün peşəyönümü tədbirləri də davam etdirilib. Əsasən orta orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin iştirakı ilə təşkil olunan bu tədbirlərdə əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib. Son iki ayda peşəyönümü tədbirlərinə cəlb olunan gənclərin sayı 28 419 nəfər təşkil edib.(trend)
Şərhlər