Siyasi partiyaların illik maliyyə hesabatlarının MSK-ya təqdim edilmə müddəti başa çatır

28.03.2018 11:25     Sosreaksiya     1274

Azərbaycanda siyasi partiyaların 2017-cı il üzrə maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilmə müddəti bu həftənin bazar günü, aprelin 1-də başa çatır.

MSK sədrinin müavini Natiq Məmmədov “Report”a açıqlamasında deyib ki, indiyədək Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatını 23 siyasi partiya təqdim edib. Onun sözlərinə görə, siyasi partiyaların maliyyə hesabatlarını təqdim etməsi üçün müddət müəyyənləşib, həmin müddətdə partiyalar hesabatları təqdim etməlidir: “Bəzən nəzərdə tutulan müddətin əvvəlində, bəzən də sonunda aktivlik olur. Biz bu prosesin təkmilləşdiyini görürük. Mərkəzi Seçki Komissiyası bu istiqamətdə maarifləndirmə işlərini həyata keçirir, bu da nəticə verir”.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. Azərbaycan Ədliyyə Nazirliyində 55 siyasi partiya dövlət qeydiyyatına alınıb. Onlardan yalnız 45-i 2016-cı il üzrə illik maliyyə hesabatını MSK-ya təqdim edib. Digər 10 partiya – Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Azərbaycan Kəndli Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Tərəqqi Partiyası, Milli Qurtuluş Partiyası hesabat verməyib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar