Düşmən ordusunda təzad: - Erməni əsgər təxribat nəticəsində, yoxsa partlayış nəticəsində ölüb?
28.03.2018 12:36 Sosreaksiya 1508
"Günahı oğlumun üzərinə atmaqla onu təqsirli hesab etməyə çalışırlar".
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, tankəleyhinə qumbara partlayışı nəticəsində ölən erməni əsgəri Hrant Manqasaryanın anası istintaq işinin gedişatından narazı olduğunu bildirib.
Ölən hərbi qulluqçunun anası Nune Hakopyan bildirir ki, istintaq qrupu cinayət işini lazımi səviyyədə araşdırmır və işi bağlamaq istiqamətində fəaliyyət göstərir. O, cinayət işinin istintaqını aparan xüsusi işlər üzrə müstəntiq Xaçatryanla görüşüb. Müstəntiqlə görüşdən sonra Nune Hakopyan bildirib ki, bütün günahları onun oğlunun üzərinə atmaq istəyirlər.
Müstəntiq ölən erməni əsgərinin anasına deyib ki, Hrant Manqasaryanın tankəleyhinə qumbaranın partlaması nəticəsində ölməsi onun silah anbarına özbaşına daxil olması nəticəsində baş verib. Bu yolla erməni müstəntiq ölüm işində onun özünü günahkar göstərməyə cəhd edir.
Hadisə ilə bağlı istintaq komitəsində cinayət işi qaldırılıb. İlkin araşdırmaya görə tankəleyhinə qumbara 49971 nömrəli hərbi hissənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində partlayıb. Hələlik heç kimə qarşı ittiham irəli sürülməyib və həbs edilən də yoxdur.
İlkin araşdırma orqanı tərəfindən ölən hərbi qulluqçunun ailəsinə bildirilib ki, partlayış anbar rəisi Qevork Hyustnunts tərəfindən qumbaranın döyüş vəziyyətindən çıxarılmasına cəhd edərkən baş verib. Anbar rəisi öz izahatında bunu təsdiq edib. Partlayış anında ölən erməni hərbi qulluqçu bədəni ilə onu bağlayıb, yoxsa itki daha çox ola bilərdi. Ancaq anbar rəisi də ziddiyyətli ifadələr verib. O, bir halda qumbaranın masa üzərində olduğunu, digər halda isə qumbaranın əlində partladığını bildirib.
Erməni əsgərin valideynləri snayper olan Hrantın silah anbarında nə işi olduğunu hələ də anlamırlar. Partlayışa səbəb olan qumbara döyüş vəziyyətində olub, lakin onun anbarda niyə döyüş vəziyyətində olmasını heç kim izah edə bilmir.
Ölən hərbi qulluqçunun valideynləri baş verən hadisədə yalnız anbar rəisi Qevork Hyustnuntsu günahkar hesab edirlər. Onun anbarın giriş-çıxışına və işləyən hərbi qulluqçularına kifayət qədər nəzarət edə bilmədiyini bildirirlər. Erməni müstəntiq anbar rəisini sorğu-sual etmək əvəzinə ölən hərbi qulluqçunu günahkar hesab etməyə cəhd edir. Ölən əsgərin anası işin bağlanmasına və ört-basdır edilməsinə imkan verməyəcəyini bildirib.
Bununla yanaşı, hərbi qulluqçuların sığorta fondundan Hrant Manqasaryanın ailəsinə sığorta pulu verilmir. Ermənistan müdafiə nazirliyindən bildirilib ki, Hrant Manqasaryan xidməti vəzifə borclarını yerinə yetirərkən həlak olduğuna görə, ona sığorta verilməsi fondun nizamnaməsinə ziddir. Bu fonddan sığorta pulunun yalnız cəbhə xəttində, döyüş əməliyyatlarında yaralanan və ya həlak olan hərbi qulluqçulara verildiyi bildirilib.
Maraqlıdır ki, erməni əsgərin mükafatlandırılması haqqında prezidentin fərmanında döyüş tapşırığını yerinə yetirərəkən öldüyü qeyd edilib. Onun valideynləri bu faktın fonddan sığorta ödənişi almağa əsas verdiyini bildirir.
Xatırladaq ki, hadisə 2017-ci il noyabrın 4-də işğal altında olan Ağdərədə yerləşən hərbi hissələrdən birinin silah anbarında baş verib. Tankəleyhinə qumbaranın partlamasından erməni əsgəri Hrant Manqasaryan ölmüş, 7 hərbi qulluqçu isə yaralanmışdı. Ölən Manqasaryanın snayper kimi aprel döyüşlərində mövqelərimizə qarşı təxribat əməliyyatlarında iştirakı da məlumdur.
Şərhlər