İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması mövzusu müzakirə edilir

30.03.2018 10:55     Sosreaksiya     1772

Martın 30-da Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: mənfi meyillərə qarşı jurnalist həmrəyliyi” mövzusunda tədbir keçirilir.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbirdə çıxış edərək Avropaya sığınan bir neçə azərbaycanlının son zamanlar etik prinsipləri pozaraq Azərbaycan, dövlətimizin başçısı, dövlət rəmzləri haqında təhqiredici ifadələr səsləndirirlər. Qarşıdan prezident seçkiləri gəlir və biz belə çirkin əməlləri bununla əlaqələndiririk.

Mətbuat Şurasının sədri bildirib ki, belə çirkin əməllər əvvəlki seçkilərdə də müşahidə olunub. Lakin bu hal indi daha kəskin və sərt təhqir, qəzəb və söyüşlə müşayiət olunur. Belə qüvvələrin məqsədi cəmiyyətdə bölücülük yaratmaqdır. Lakin onlar azlıq təşkil edirlər. Bu gün Avropada və dünyanın digər ölkələrində xeyli sayda azərbaycanlı yaşayır. Onlar Azərbaycanı xaricdə uğurla təmsil edir, ölkəmizlə bağlı həqiqətləri fəal təbliğ edirlər.

Diqqətə çatdırılıb ki, təhqir və söyüş üsulunu siyasi mübarizə yolu kimi seçən müəyyən insanlar yaşadıqları ölkələrdən müxtəlif təhdidlər səsləndirirlər. Bu, qanunla qadağandır və insan hüquqlarına ziddir. Bu tədbirin keçirilməsi cəmiyyətdə barışın və həmrəyliyin qorunması üçün çox vacibdir.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışında Mətbuat Şurasının təşəbbüsü ilə keçirilən bu tədbirin aktual mövzuya həsr olunduğunu qeyd edərək onun əhəmiyyətini vurğulayıb. Prezidentin köməkçisi deyib ki, cəmiyyətimizi düşündürən mühüm ictimai-siyasi proses – prezident seçkisi ərəfəsində belə mühüm mövzuda müzakirələrin aparılması çox vacibdir.

Əli Həsənov deyib ki, dünyada xalqların gücü onların sayı, yaşadığı ərazinin böyüklüyü, iqtisadi resursları ilə yanaşı, həm də həmin xalqı təmsil edən milli elitanın səviyyəsi, fəallığı, ölkə daxilində və xaricində baş verən hadisələrə yanaşması ilə ölçülür. Azərbaycan cəmiyyəti də digər cəmiyyətlərdən ciddi fərqlənmir. Milli elitanın ən fəal təbəqəsi qələm sahibləridir. Azərbaycan cəmiyyətində həmişə mühüm proseslərə qiymət verən, insanlarda həmin hadisələrlə bağlı münasibət formalaşdırmağa təsir edən məhz belə ziyalılardır. Çox yaxşı haldır ki, bu məsələdə də obyektiv mövqedən çıxış edən ziyalılarımız oldu.

Prezidentin köməkçisi bildirib ki, xarici ölkələrdə yaşayan bir neçə azərbaycanlının ölkəmizə qarşı heç bir əxlaq çərçivəsinə sığmayan münasibətlərinə, fikirlərinə cəmiyyətin əksər üzvləri kifayət qədər konstruktiv, təsirli və cəmiyyət üçün əhəmiyyətli rakurslardan yanaşaraq münasibət bildirirlər.

Tədbir müzakirələrlə davam edir(azərtac)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar