Yeni hökumətdə olmayacaq üç vəzifəli məmurun adları - etimad limitləri bitib

03.04.2018 14:06     Sosreaksiya     1478

Maliyyə naziri, Mərkəzi Bank sədri və Maliyyə Bazarlarına Nəzarət Palatasınin rəhbərinin seçkidən sonra vəzifədən çıxarılacaqları iddia edilir; onların hakimiyyət daxilində mövqeləri niyə laxlayıb?

Prezident seçkiləri yaxınlaşdıqca yeni hökumətdə yer almayacaq məmurlarla bağlı müzakirələr, hakimiyyət komandasında isə həyəcan artır. Bu müzakirələr zamanı bir çox məmurların adları hallandırılır. Yeni komandada olmayacaqlar arasında iqtisadi blokdan daha çox üç məmurun adı çəkilir.

Bunlardan biri maliyyə naziri Samir Şərifovdur.

Baş maliyyəçinin hakimiyyət daxilindəki mövqelərini laxladan əsas amil Beynəlxalq Bank olayıdır. Bu bankdan on milyardlarla manatın mənimsənilməsi üzə çıxan ilk dövrdə bütün günahlar İdarə Heyətinə rəhbərlik etmiş Cahangir Hacıyevin üzərinə yükləndi. Beləliklə də S.Şərifov Beynəlxalq Bankdakı prosesləri nəzarətdə saxlamalı olan əsas fiqur olaraq cəzadan yayına bildi. Lakin vaxt keçdikcə Beynəlxalq Bankdakı neqativ proseslər dayanmadı, bankın S.Şərifovun adamı kimi tanınan rəhbəri Elmar Məmmədovun dolların “qara bazarı”na rəhbərlik etdiyi aydınlaşdı. Maliyyə naziri bu dəfə də E.Məmmədovu qurban verməklə yaxasını kənara çəkə bildi. Lakin hətta bundan sonra da Beynəlxalq Bankın problemləri azalmadı, üstəlik, onun “Aqrarkredit”ə ötürülmüş aktivləri ilə bağlı problemlər meydana çıxmağa başladı. Bu dəfə S.Şərifov özünü kənarda saxlaya bilmədi. Belə ki, bir neçə həftə əvvəl Beynəlxalq Banka nəzarət faktiki olaraq onun əlindən alınıb, Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümova verildi. Bununla da bankın beynəlxalq aləmdə təmiz reputasiyaya malik Dövlət Neft Fondunun nəzarətinə verilməsi təmin edilmiş oldu. Bu, eyni zamanda S.Şərifova olan inamın minimuma endiyinin göstəricisi sayıla bilər: özəlləşmə ərəfəsində olan Beynəlxalq Bankda yeni problemlərin meydana çıxması heç kimə sərf etmir, hökumətə xüsusilə. Bu addım həm də 11 apreldən sonra formalaşdırılacaq yeni kabinetdə yer almayacaq məmurlardan birinin S.Şərifov olması ehtimalını artırır.

Seçkidən sonra tutduğu kreslo ilə vidalaşacaq daha bir məmur baş bankir Elman Rüstəmov ola bilər. Mərkəzi Bank rəhbərinin limiti çoxdan tükənib desək, yanılmarıq. Neft gəlirlərinin böyük axını olduğu illərdə toplanan 18 milyard dollar valyuta ehtiyatının bir ilin içində 4 milyard dollaradək azalması, ölkənin bank sektorunun ağır böhrana düşməsi, banklarda irihəcmli mənimsəmə hallarının aşkarlanması bu sektora nəzarəti həyata keçirən əsas qurum olaraq Mərkəzi Bankı və onun rəhbərini diqqət mərkəzinə gətirdi. Xüsusilə bankların bir çoxunda irihəcmli kreditlərin qaydalara zidd olaraq girov təminatı olmadan, əksər hallarda da bank rəhbərlərinin yaxınlarına paylanması, nəticədə problemli kreditlərin bütövlükdə bank sektorunun ayağında buxova çevrilməsi E.Rüstəmova olan etimadı minimuma endirdi. Buna görə də ölkədə yeni qurum - Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı və baş bankirin banklarla bağlı səlahiyyətlərinin çoxu ona verildi. Son zamanlarsa E.Rüstəmovun xaricdə biznesinin olduğuna dair məlumatlar yayılmaqdadır. Onun Gürcüstanda tikinti biznesinin olduğu, hətta devalvasiyadan az əvvəl bu biznes üçün Azərbaycan banklarından 750 milyon manat kredit götürdüyü deyilir. E.Rüstəmov bu məlumatlarla bağlı hər hansı açıqlama vermir ki, bu da onların reallıq payını artırmış olur.

Vəzifəsini itirəcək daha bir məmur olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlının adı hallanmaqdadır. Qeyd edək ki, Palataya rəhbər təyin olunduğu ilk dövrlərdə R.Aslanlıya etimad kifayət qədər böyük idi - hansı təkliflə çıxış edirdisə, dərhal icra olunurdu.

Onun təklifləri əsasında bank qanunvericiliyinə çoxsaylı dəyişikliklər edildi, Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquqları genişləndirildi. Bütün bunlardan sonra gözlənilirdi ki, əlində böyük səlahiyyətlər cəmləyən Palata bank sektorunu düşdüyü böhrandan çıxarmaq üçün real hərəkətə keçəcək. Lakin aylar ötdükcə məlum oldu ki, R.Aslanlı əldə etdiyi səlahiyyətlərdən bank sektorunun xeyrinə istifadə etmək niyyətində deyil.

“StandardBank” kimi iri bankla bağlı 3 ayda iki bir-birinə zidd qərarın qəbul olunması, yüz milyonlarla manat vəsaitin mənimsənilməsinə göz yumulması, bağlanan bankların kreditorlarına ödənişlərlə bağlı ciddi pozuntulara yol verilməsi kimi faktlar R.Aslanlıya olan etimadı minimuma endirdi. Təsadüfi deyil ki, artıq bir ilə yaxındır Palatada bütün səlahiyyətlər faktiki olaraq icraçı direktor İbrahim Alışova verilib. Bu gün R.Aslanlının deyil, quruma məhz onun rəhbərlik etdiyini artıq hamı görməkdədir. Böyük ehtimalla, seçkilərdən sonra R.Aslanlının Palatadakı formal rəhbərliyi də başa çatacaq...(musavat)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar