Akademikin üzrü qəbahətindən də betər oldu
04.04.2018 11:56 Sosreaksiya 1275
Dünyada jurnalistləri “gözətçi köpəyə”, “çığıran qaza” bənzədirlər, Ramiz Məmmədov isə...
Artıq bir neçə gündür ki, akademik Ramiz Məmmədovun jurnalistləri təhqir etməsi, onları “küçük” adlandırması müzakirə olunmaqdadır. Bir çox ziyalıların, media kapitanlarının, eləcə də Mətbuat Şurasının sədri Əflatun Amaşovun tənqidi fikirlərindən sonra akademik mətbuat üçün açıqlama yayıb. Ramiz Məmmədov ilk öncə öz sahəsində gördüyü işlərdən, uğurlardan söz açıb, daha sonra isə sanki mətbuatdan üzr istəyirmiş kimi, həm də dediyini bir daha təsdiq edib:
“Son vaxtlar ayrı-ayrı sayt və mətbuat orqanlarında bir qeyri-professional jurnalistin məsuliyyətsizliyi ucbatından işgüzar nüfuzuma xələl gətirən, olmayan açıqlamamın getməsindən müəyyən qədər emosional vəziyyətdə ifadə etdiyim fikir müzakirə olunmaqdadır. Mümkündür ki, fikrim əsəbi vəziyyətdə olduğum üçün kəskin alınıb. Fikrim professional, öz işini bilən, qələminə ehtiramlı jurnalistikaya yönəlməyib. Bu bir nəfərin qeyri-obyektivliyinə yönələn ifadə olmaqla hesab edirəm ki, doğru deyil. Görünür, daha dözümlü olmalı idim. Ancaq bununla birlikdə yenə də təəssüflə təsdiq edirəm ki, bizim jurnalistlərin içərisində professional olmayan, öz işinə məsuliyyətsiz yanaşanlar da vardır. Bu səbəbdən beynəlxalq səviyyəyə çıxa bilmirlər və bir azərbaycanlı kimi bu məni narahat edir”.
Beləliklə, akademikin bu aşıqlaması sosial şəbəkələrdə, mətbuatda “üzrü günahından da betər” deyimi ilə ifadə olunub.
“Kaş akademik Ramiz Məmmədov o ifadələri işlətməyəydi. Yəni bir qədər əsəblərini cilovlayardı, jurnalist isə bunu mətbuat səhifəsinə çıxartmayaydı”.
Bu sözləri əməkdar jurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a açıqlamasında bildirib. Qulu Məhərrəmli qeyd edib ki, elmi, hətta inzibati vəzifə daşıyan şəxs təmkinli və səbirli olmalıdır: “Amma bütün vəzifə adamlarının, xüsusən də tənqidə tuş gələnlərin daxilində mətbuata qarşı bir qəzəb, kin var. Mənə elə gəlir ki, bu qəzəbi üzə çıxartmaq olmaz. İnsanlar, xüsusən də vəzifə adamları anlamalıdırlar ki, jurnalistin işi rahat adamları narahat etmək, sual verməkdir. Jurnalist yersiz, uyğun olmayan sual da verə bilər, buna alışmaq lazımdır. Jurnalistlərə irad tutmağa nə var ki, istənilən şeyə irad tutmaq olur. Deyim ki, Ramiz Məmmədovu tanıyıram, o, çox qiymətli, Azərbaycan elmində yeri olan alimdir. Yəni o, öz peşəsini yaxşı bilir, çoxlu sayda uğurları var. Ona görə də onun bu cür yanlışlığa yol verməsi arzuolunmazdır”.
Qulu Məhərrəmli akademin üzr istəməsinə də münasibət bildirib: “Burada məsələlər bir-birinə çox dolaşıb. İnsanın qürurunu sındırmaq, sonra üzr istəmək... ”Molla Nəsrəddin"də deyildiyi kimi, “üzr bədtər əz günah”, yəni “üzrü günahından betər olur”. Jurnalistlər də bunun üzərinə çox getməməlidir. Bu haqda sosial şəbəkələrdə, mətbuatda oxuyuram. Bizim əlimizdə vasitə olduğu üçün o adamlara qlobal, geniş hücuma keçməməliyik. Ramiz müəllimin dediyi ifadədə peşmançılıq duyulur. Ola bilsin ki, indi bunu birbaşa dilinə gətirmir və sairə. Mənə elə gəlir ki, bu mövzunu artıq bağlamaq lazımdır. Jurnalistlərlə cəmiyyətin üzdə olan insanları arasında bu dərinlikləri yaratmaq olmaz. Məsələn, şəxsən mən olsaydım, həmin alimi görüşə dəvət edər və yaxud jurnalistlərlə görüşünü təşkil edərdim. O şeydə ki, dialoq mümkündür, qarşılıqlı anlaşma üçün imkanlar var, onu belə dərin konfliktə çevirmək olmaz. Bu mənada jurnalistləri də, vəzifədə olanları da həssas, bir qədər müdrik olmağa çağırıram. Çünki bunlar insana heç nə vermir. Sadəcə, bütün bunlar mətbuatın gündəmini zəbt edir. Amma bunun dərinliyində, mahiyyətində heç nə dayanmır. Ona görə də vəzifəli adamlar bilməlidir ki, jurnalistin işi soruşmaqdır, jurnalistlər də bu cür situasiyaları qabartmaqdan çəkinməlidirlər. Yəni jurnalistin işi rahat deyil. O, tənqid də, təhqir də olunur, qapıdan da qovulur. Onun işi informasiyanı cəmiyyətə çatdırmaqdır. Əlbəttə ki, bu nə qədər maneəsiz, problemsiz olsa bir o qədər yaxşıdır. Ona görə də ictimai statusumuzu çox yuxarı qaldırmalı deyilik. Cəmiyyətdə hər zaman bu cür arzuolunmayan vəziyyətlər yaranır".
Qulu Məhərrəmli akademikin dediklərində həqiqət olduğunu da vurğulayıb: “Dediyi həqiqətdir ki, bu gün jurnalistikanın səviyyəsi çox aşağı düşüb. Düşünürəm ki, o, peşəkarları nəzərdə tutmur. Bu gün həqiqətən də qeyri-peşəkar dəstə var, onların media ilə heç bir əlaqəsi yoxdur. Nə sual verə bilir, nə də ki, məsələlərin mahiyyətindən tam məlumatlı olmurlar. Tam əminəm ki, akademik də onları nəzərdə tutub. Onun heç bir peşəkar jurnalistlə işi yoxdur”.
Qeyd edək ki, son illərdə jurnalistlərin tez-tez təhqir olunmasının, onlara qarşı kobud davranılmasının şahidi oluruq. Akademikin jurnalistləri “küçük” adlandırması buna əyani sübutdur. Lakin ABŞ və Avropada jurnalistlər cəmiyyətin və demokratiyanın “gözətçi köpəyi” adlanır. Bu, hörmətə layiq status hesab olunur. Medianın təyinatı haqqında bir tərif də var - “Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar ora baxaraq bütün hadisələri olduğu kimi görür”. Şərqdə isə jurnalistləri “4-cü hakimiyyət” adlandırılır.
Qulu Məhərrəmli bu ifadələrdən də söz açıb: “”Gözətçi köpəyi" dünyada məşhur olan ifadədir, jurnalistlərin birbaşa missiyasını ifadə edir. Yəni jurnalistsənsə, cəmiyyətin təhlükəli olan məsələlərə girməsinə izn verməməli, bu təhlükələrdən xəbərdar etməli, səs salmalı, cəmiyyətə mesajlar verməli, həyəcanları ifadə etməlisən. Bu mənada, bəli, jurnalistlər mətbuat “gözətçi köpəyi”dir.
Jurnalistləri “çığıran qazlar”a da bənzədirlər. Bildiyiniz kimi, qədimdə Qallar xəlvəti şəkildə Romanı işğal etmək istəyəndə, şəhərin kənarındakı qazlar səs-küy salaraq döyüşçüləri oyadıb və beləliklə, Romanı təhlükədən xilas ediblər. Bu baxımdan jurnalistləri “çığıran qazlar”a bənzədirlər, yəni insanları təhlükədən xəbərdar edir.
Bəzi ölkələrdə jurnalistləri “zəngli saat”a bənzədirlər. Yəni jurnalist zəng çalıb, hər kəsi oyatmalıdır. Napoleon isə jurnalistləri orduya bənzədirdi. Bu cür ifadələr çoxdur. Düşünürəm ki, bütün bunlar jurnalistlərin ictimai mahiyyətini, missiyasını ifadə edən bənzətmələrdir".
Şərhlər