APTEKLƏRDƏ SAXTA DƏRMANLAR SATILIR
04.04.2018 12:03 Sosreaksiya 1703
Eyyub Hüseynov deyir ki, Səhiyyə Nazirliyi monitorinq aparmalı, nəticələri ictimaiyyətlə paylaşmalıdır
Son vaxtlar bir çox hallarda xəstələr, eləcə də həkimlər dərmanların keyfiyyətindən şikayətlənirlər. Elə biz özümüz də gündəlik həyatımızda istifadə etdiyimiz dərman preparatlarının keyfiyyətsiz olduğunu müşahidə edirik. 10 il öncə hansısa kiçik ağrını bir dərmanla aradan qaldırmaq mümkün olurdusa, bu gün 2-3 dərmanla eyni nəticə əldə etmək mümkün olur, bəzən heç olmur da. Hələ dərmandan zəhərlənmə hallarını demirik...
Bəzən həkimlərin də dilindən eşidirik ki, müalicənin effektsiz olmasına səbəb həkim peşəkarlığı deyil, məhz dərmanların saxta olmasıdır. Əslində haqsız da sayılmazlar. Bunu Dövlət Gömrük Komitəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar da sübut edir. Qeyd edək ki, Rusiya, Türkiyə və Avropa ölkələrindən gətirilən saxta dərman vasitələri təhlükəli tullantılar ekoloji poliqonunda yandırılaraq məhv edilib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, bu əməliyyat Gömrük Komitəsinin görməli olduğu işin 100-dən biridir: "Saxta dərman problemi bütün dünyada olsa da, bu, Azərbaycanda daha çox hiss olunur.
AİB olaraq biz 6 ay bundan əvvəl Azərbaycana saxta, qeydiyyatdan keçməyən dərman gətirən adamın ünvanı, dərmanların saxlanıldığı depo, gömrükdən necə keçməsi barədə bütün məlumatları toplayıb bir neçə dövlət orqanına, Respublika Baş Prokurorluğuna, Gömrük Komitəsinə göndərmişik. Ancaq heç bir qurum əhəmiyyətli iş görmədi.
Hətta 20 gün bundan əvvəl qaçaq yolla gömrükdən Azərbaycana keçirilən parfümeriya mallarının satıldığı yerlər barədə də aidiyyəti quruma məktub ünvanlamışam, yenə də heç bir addım atılmayıb. Bu şəxslər dövlətin vergisindən yayındıqları azmış kimi insanlarda dəri xərçəngi əmələ gətirən məhsullar satırlar. İnsan həyatı üçün zərərli olan saxta kofelərin satışı barədə də Gömrük Komitəsinə məlumat vermişik. Təəssüflər olsun ki, deyən də, eşidən də özümüz oluruq.
Hesab edirəm ki, Gömrük Komitəsi qaçaqmalçılara qarşı mübarizəni gücləndirməlidir”.
Qaçaqmalçılığın Azərbaycanda həddindən artıq geniş yayıldığını vurğulayan AİB sədrinin sözlərinə görə, bütün satış seqmentlərində saxta məhsullar dövriyyəyə buraxılır: "Ölkənin əmtəə bazarının bu qədər çirklənməsində Gömrük Xidmətinin çox böyük rolu var.
Konkret olaraq saxta dərman məsələsinə gəldikdə isə Səhiyyə Nazirliyi də ən azı Gömrük qədər məsuliyyət sahibidir. Satışa buraxılan bütün dərmanlara Səhiyyə Nazirliyi sənəd verir. Bu baxımdan sözügedən qurum apteklərdə monitorinq aparmalı və əldə etdiyi məlumatları ictimaiyyətlə, KİV-lə paylaşmalıdır. Səhiyyə Nazirliyinin saxta mallara sertifikat verməsi hallarına da şahid olduğum üçün onların rasional çalışdığını güman etmirəm”.
Şərhlər