Xaricdə ali təhsil fırıldağı davam edir - Açıqlama

06.08.2015 16:09     Sosreaksiya     2285

2014 –cü ilin statistikasına nəzər salsaq, görərik ki, ali məktəblərə imtahan verən abituriyentlərin 64,7 % -i imtahanda 0-200 bal arası nəticə göstərib. Bu olduqca ciddi rəqəmdir.  Təhsil müəəsisələrinə qəbul ola bilməyən abituriyentlər ya gözləyir gələn il yenidən hazırlaşaraq imtahan verir, ya peşə ixtisas fəaliyyətinə yönəlir. Bundan başqa üçüncü bir variant da var ki, kənarda qalmaq istəməyən abituriyent nə yolla olur olsun, təhsil yox, diplom almağa can atır.

Qonşudan qalma geri prinsipi

Vəziyyət belə olduqda isə ali məktəblərdən kənarda qalan abituriyentlər və onların valideynləri müxtəlif vasitələrə əl atırlar. Təkcə attestatla xarici ölkələrin birində təhsil almağa yönləndirirlər.

Təəssüf ki, bu gün bəzi insanlar elə düşünürlər ki, diplom əsasdı, savad olmasa da olar. Buna görə də, on minlərlə manat pul xərcləyərək uşaqlarını hansısa ali təhsil müəssisəsinə yerləşdirmək istəyirlər. Ölkəmizdə bu tipli neqativ hallara qarşı  mübarizə geniş yayıldığı üçün əlac qalır xaricə üz tutmağa. Bu zaman ortaya iki sual çıxır. Öz dilində imtahan verərək keçid balını toplaya bilməyən şəxs yüksək standartlara uyğun tələbələr qəbul etmək istəyən digər universitetlərə necə qəbul ola bilərlər?  Və ya fərz edək ki, qəbul oldu, 4 il ərzində bilmədiyi dildə necə təhsil alacaq?

Bu məqamda xaricdə təhsil şirkətləri ortaya çıxır. Bu şirkətlər pul qarşılığında təkcə atestatla Ukrayna, Türkiyə, Gürcüstan və s. ölkələrin universitetlərinə  tələbə göndərirlər. Təbii ki, bu universitetlərin əsksəriyyəti özəl universitetlər olur və illik ödənişləri də müxtəlif olur.      

Qiymətləri öyrənmək üçün belə şirkətlərdən biri ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi Türkiyədə təkcə attestat ilə hazırda iki universitetə qəbul olmağın mümkün olduğunu bildirdi. “Aydın” və “ Baxçaşəhər” universitetləri. Qeyd etmək istəyirik ki, hər iki universitet özəl universitetdir.  Təhsil haqqı isə müvafiq olaraq 2500 və 4500 dollardır. Bundan başqa universitetlərə qəbul olunmaq məsələlərini ilə məşğul olduqları üçün şirkətə 500-1000 azn arası xidmət haqqı ödənilməlidir. Təbii ki, bu rəqəm şirkətdən şirkətə dəyişir.

Bununla yanaşı təbii ki,  bütün yol, yemək və yaşayış xərclərini də təhsil alan şəxs qarşılayır.

Qeyri-peşəkar kadrlar

Təhsil üzrə ekspert Etibar Əliyev bu cür təhsil alan şəxslərin peşəkarlıqdan tamamilə uzaq olduğunu hesab edir: “Şəxsən mən birmənalı şəkildə bu cür halları pisləyirəm və belə hallarla razılaşmıram. Nəzərə alsaq ki, hər hansı bir gənc öz ölkəsində doğma ana dilində 11 il orta təhsil alıb qəbul zamanı 0-200 intervalında bal toplsyırsa, yəqin ki, onun təhsil aldığı orta məktəbdə tədrisi olmayan bir dildə mükəmməl təhsil almağı qeyri mümkündür. Ona görə də hesab edirəm ki, bu cür insanların nəinki peşəkar, hətta orta səviyyəli kadr olacağına da inanmıram. Təbii ki, sonra belə kadrlar iş də tapa bilməyəcək”.

Məsələnin həll yolu

Məsələnin digər tərəfi isə  belədir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xarici ölkələrin diplomlarının heç də hamısını tanımır. Etibar Əliyev diplomların  tanınmasının əleyhinə olduğunu bildirdi: “Bəzi hallarda (bəlkə də şaiyədir) bu diplomların Təhsil Nazirliyi tərəfindən tanındığı söylənilir, lakin mən tanınmamasının tərəfdarıyam. Bu cür gənclərə və onların valideynlərinə məsləhətim olardı ki, vaxtında öz övladlarının təhsili ilə yaxından maraqlansınlar. Belə olarsa, bu cür hallara ehtiyac qalmayacaq. Bu halların baş verməməsi üçün tez-tez maarifləndirici tədbirlər keçirilməlidir. Beləliklə bu hallar azaldıla bilər”.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsinin 2015-ci ilə olan ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarını keçirilib. İxtisas seçimi avqustun 11-dək davam edəcək.

 

Şərhlər

Çox oxunanlar