Putin, Ərdoğan və Ruhani gələcəyi planlayır, Tramp isə...

05.04.2018 12:19     Sosreaksiya     1332

İran, Rusiya və Türkiyə Yaxın Şərqin yeni konturlarını çəkirlər. Onlar Ankarada keçirilən görüşdə terrorizmlə mübarizə adı altında yeni reallıqlar yaratmaqla bağlı bütün cəhdələrə qarşı çıxmaq, Suriyanın ərazi bütövlüyünə və suverenliyinə qarşı birgə addımlar atmaqla bağlı razılaşıblar. Liderlər Suriya dialoqunun vacibliyini qeyd ediblər. Hətta Suriyada qələbənin nəticələrini kiminləsə bölüşməkdə az maraqlı olan İran tərəfi də böhranın siyasi yolla həllini dəstəklədiyini açıqlayıb.

Əslində, üçtərəfli sammitin əsas məqsədi Suriya əməliyyatlarında mövqelərin uzlaşdırılması olub. Xoşbəxtlikdən Suriyada Moskva, Tehran və Ankara arasında ciddi toqquşmalar olmur. Rusiya Hərbi Hava Qüvvələri Bəşər Əsəd və İran tərəfinə Suriyanın mərkəzində silahlılarla mübarizə aparmaqda yardım edir. Ərdoğan Afrində PKK terrorçuları ilə məsələni həll etdi, İran və Rusiyaya əməliyyatda göstərdiyi anlayışa görə təşəkkür etdi. Bununla yanaşı, o qeyd etdi ki, Suriyanın şimalında PKK terrorçuları məhv edilməyənə qədər əməliyyatlar davam etdiriləcək.

Bax, burada məsələnin maraqlı hissəsi başlayır. Məsələ burasındadır ki, yaxın zamanlara qədər Menbic amerikalıların nəzarətində idi. Bir çox qüvvələr ABŞ ordusunun Suriyada olmasını dəstəkləmirdilər, amerikalı əsgərlər partizan hücumları və teraktlar zamanı tez-tez həlak olurdular. Buna görə Tramp ehtiyatlanaraq, ABŞ ordusunun Suriyadan çıxarılacağını bəyan edib. O, buna səbəb kimi İŞİD terror təşkilatının Suriyada tamamilə məhv edildiyini və ABŞ-ın missiyasının başa çatdığını göstərib. Bununla Tramp İŞİD ilə mübarizə üzrə xüsusi nümayəndəsi Bret Makqurkanın fikirlərini təkzib edib. Prezidentin çıxışından bir neçə dəqiqə əvvəl Vaşinqton Universitetində nitqi zamanı o, ABŞ ordusunun Suriyada əsas missiyasının İŞİD-i məhv etmək olduğunu və bu vəzifənin hələ başa çatmadığını açıqlayıb. Kürdlərin qorunması məsələsini isə ABŞ Fransanın gənc prezidenti Emmanuel Makrona tapşırıb.

Bəs Suriyadakı missiya başa çatandan sonra nə olacaq? Ankarada keçirilən sammitdə təkcə Suriyanın gələcəyi deyil, üç ölkə arasında əlaqələrin möhkəmləndirilməsi də əsas məsələ olub.

Ərdoğan xarici qüvvələrin təxribatına baxmayaraq, rus-türk əlaqələrinin möhkəmləndiyini bildirib. S-400 hava hücumundan müdafiə sistemləri gələn il Türkiyəyə çatdırılacaq. “Akkuyu” AES-in ötən gün təməlqoyma mərasimi keçirildi. Stansiyanın 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Sammitin başlanğıcında Ərdoğan Putini “əziz dostum”, Ruhanini isə “hörmətli həmkarım” kimi təqdim etdi. Ancaq bütün bunlara baxmayraq, Rusiya və Türkiyə arasında kifayət qədər ziddiyyətlər mövcuddur.

Ona görə hazırda siyasətçilər strateji ittifaqlara deyil, taktiki əməkdaşlıqlara üstünlük verirlər. Və bu məsələdə əsas kömək Qərbdən gəldi. Qərb ölkələri Rusiya və Türkiyə ilə əlaqələri pozmaqla bu iki ölkənin bir-birinə yaxınlaşmasına səbəb oldu.

Qərb ilə Ankara arasında münaqişə təkcə kürd məsələsi ilə bağlı deyil. Vaşinqton Ərdoğanın müsəlman dünyasında ambisiyasını qəbul etmir, Avropa isə Türkiyədə siyasi rejimin yaradılmasına qarşıdır.

Türkiyədə uğursuz hərbi çevrilişə cəhd zamanı Ankara Qərbin qırmızı xətti keçdiyini bildirdi. Moskva bu işdə Türkiyəyə yaxından köməklik göstərdi. Düzdür, Türkiyə həmişə bütün cəbhələrdə oynamağa çalışacaq. Ancaq Rusiyanın Türkiyəyə qarşı mövqeyini nəzərə alsaq, Ankara və Moskva arasındakı əlaqələrin daha da möhkəmlənəcəyini demək mümkündür.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar