Tarif Şurasının qiymət verdikləri: SİYAHIDA NƏLƏR VAR?

05.04.2018 15:05     Sosreaksiya     1353

Xəbər verildiyi kimi, prezident İlham Əliyevin imzaladığı fərmanla Tarif Şurasına yeni səlahiyyətlər verilib. Bundan sonra istehlakçı tərəfindən texniki şərtlərə uyğun olaraq, layihələndirilmə və tikinti-quraşdırma işləri yerinə yetirildikdən sonra sənaye qaz qurğularının qazpaylayıcı şəbəkəyə fiziki qoşulmağa görə məbləğ (qiymət) Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək.

Qaz paylayıcıları tərəfindən təyin edilmiş qaz təchizatı qiymətləri də məhz Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə müvafiq olmalıdır.

Ümumiyyətlə, Tarif Şurasının səlahiyyətlərində hansı qiymətlərin tənzimlənməsi mümkündür? Məlum olub ki, şura bir çox sahələr üzrə qiymətləri tənzimləmək səlahiyyətinə malikdir.

Bura kommunal tariflərdən -  təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış, elektrik enerjisinin, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri daxildir. Nəqliyyat sistemində Bakı şəhərində marşrutlar üzrə sərnişindaşıma xidmətinin tarifləri şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin tarifləri də Tarif Şurasının səlahiyyətindədir. Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri, dərman vasitələrinin və dərman maddələrinin ekspertizası xidmətlərinin tarifləri, universal poçt rabitəsi xidmətlərinin tarifləri, rabitə xidmətlərinin tarifləri, neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri, bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərini Tarif Şurası müəyyənləşdirir.

“Azəristiliktəchizat” ASC tərəfindən göstərilən xidmətlərin, Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin, Baş Dövlət Yol Polisi İdarəsinin tariflərini müəyyənləşmək də Tarif Şurasının səlahiyyətindədir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar