17 il senzurasız - Media rəhbərləri senzuranın ləğvindən danışdı

06.08.2015 17:40     Sosreaksiya     2811

Xəbər verdiyimiz kimi, 1998-ci il 6 avqustda Ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” fərmanı imzalanması ilə mətbuat üzərində senzura ləğv edildi.

Bununla bağlı media qurumları rəhbərlərinin fikirlərini öyrənməyə çalışdıq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov hesab edir ki, Azərbaycan mətbuatı yarandığı 1875-ci ildən ta ki 1998- ci ilə kimi hər zaman senzorun nəzarəti altında olub: "Təkcə 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövründə iki il müddətində mətbuat azad olub. Bundan başqa zamanlarda qəzetlərin hər biri senzorun möhürü olmadan fəaliyyət göstərə bilmirdi. 1998-ci ildə Heydər Əliyevin qəbul etdiyi fərmanla mətbuat üzərində hər cür senzura ləğv olundu. Mətbuatda yeni era yarandı. Mətbuat inkişaf etməyə başladı.  Yeni KİV-lər fəaliyyətə başladı. Mətbuatın qanunvericilik bazası təkmilləşdirildi.  2 il sonra mətbuat üzərində dövlət  nəzarəti  funksiyasını həyata keçirən Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası yarandı. Amma mətbuatın inkişafının bünövrəsi avqustun 6-sı qoyuldu. Əlbəttə bu riskli addım idi. Çünki müharibə şəraitində yaşayan, 1 milyondan çox qaçqını olan ölkə idi. Amma buna baxmayaraq Azərbaycan MDB məkanında senzuranı ləğv edən ilk ölkə kimi tarixə düşdü”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun fikrincə, senzuranın ləğv edilməsi Azərbaycan Milli mətbuat tarixində sözün əsl mənasında hadisə idi: "1998- ci ilin şərtləri içərisində bu addımı atmaq əsl cəsarət və müdriklik tələb edirdi. Böyük dövlət xadimi Heydər Əliyev senzuranı ləğv etməklə tarixi bir qərara imza atmış oldu. Bundan sonra Azərbaycan mətbuatı öz inkişaf tarixində keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Düşünmək lazım deyil ki, bu proses rahat ve ağrısız keçdi. Bu belə olmadi. Bəzən düşünürəm ki, bəlkə də o vaxt  Azərbaycan mətbuatı və ictimaiyyəti buna tam hazır deyildi. Çünki senzuranın ləğvindən sonra bəzən mətbuatda anarxist meyllərin artdığını müşahidə etdik. Söz və mətbuat azadlığının istismar edildiyini gördük. Amma bütün bunlara baxmayaraq, zaman göstərdi ki, atılan addım doğru idi. Biz milli mətbuatımızın hazırki inkişaf səviyyəsini bu addıma borcluyuq.  Çünki yalnız fikir və söz azadlığı olduğu ictimai mühitdə inkişafdan danışmaq olar. 140 illiyini qeyd etdiyimiz milli mətbuatımız mövcud olduğu bu uzun tarix ərzində heç vaxt bu qədər azad və müstəqil olmayıb.  Bütün bunların kökündə isə həm də məhz senzuranı ləğv edən siyasi iradə və onun varisliyi durur”.

“525-ci qəzet”-in baş redaktoru Rəşad Məcid o günləri yaxşı xatırlayır: "Bu Azərbaycan müstəqillik tarixində çox əhəmiyyətlidir. Bununla Azərbaycan mətbuatında yeni mərhələ başladı. Məmur- mətbuat qarşıdurmaları başladı. Dövlət qurumları və mətbuat orqanları arasında məhkəmə prosesləri keçirildi. Bir müddət məmurlar senzurasız mətbuata alışa bilmirdi. Çünki 100 ildən çox idi ki, mətbuatda senzura var idi. Lakin zamanla hər şey yoluna düşdü”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədovun fikrincə senzuranın ləğvi Azərbaycan mətbuatının inkişafında dönüş nöqtəsi oldu: "Məhz bu addımla Azərbaycan mediasında 21-ci əsr başladı. Sonrakı illərdəki güclü inkişafın əsası qoyuldu. Amma məsələ təkcə mətbuatda deyil. Senzuranın ləğvi mətbuatdan çox, bütövlükdə Azərbaycan cəmiyyətinə təsir göstərdi, insanların düşüncəsində inqilab yaratdı. Bu, toplumda demokratikləşmə istiqamətində böyük addım idi. Cəmiyyət ilk dəfə real olaraq söz azadlığı kimi böyük bir hüquq əldə etdi. Ona görə də, düşünürəm ki, senzuranın ləğvi Azərbaycanın yeni tarixinin ən mühüm hadisələrindən biridir.”

 

Şərhlər

Çox oxunanlar