Vəhdət Partiyası Sərdar Cəlaloğlunun Tahir Kərimli ilə bağlı dediklərinə münasibət bildirib

05.04.2018 15:07     Sosreaksiya     1520

Vəhdət Partiyası Prezidentliyə namizəd, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Tahir Kərimli ilə bağlı dediklərinə münasibət bildirib.

“Report”un xəbərinə görə, Partiya sədrinin birinci müavini Əbdülvahab Manafov S.Cəlaloğluna ironik cavab verib.

O qeyd edib ki, 1990-cı ildə Tahir Kərimlini deputat seçmək, 1992-ci ildə Ali Məhkəmənin sədri təyin etmək “düzgün” deyildi: “Tahir Kərimlinin utopika şüarları və çıxışları hamını bezdirmişdi. Müstəqil məhkəmə hakimiyyəti yaradaq, rüşvətxorluğun və korrupsiyanın kökünü kəsək, qanun şah olmalıdır tipli çıxışlarını nəzərdə tuturam. Təəssüf ki, o zaman Sərdar Cəlaloğlu özünün Nobel mükafatına irəli sürdüyü "Kosmik Dəyişilmələr" nəzəriyyəsini və digər böyük nəzəriyyələrini yaratmamışdı. Məsələn, Sərdar bəy sübut edir ki, o dünyada insanların cinsi olmur. O, Şeyx Nəsrullahın “ölü diriltmək” nəzəriyyəsini nə qədər inkişaf etdirir. Sərdar Cəlaloğlu haqlıdır, Tahir Kərimli Ali Məhkəmənin sədri olanda qeyri-peşəkar insanları irəli çəkib.

Deyəndə ki, Tahir bəy, Sərdar bəyin cavabını ver, imtina edir. Deyir ki, 1990-cı ildə Qorbaçova ölüm hökmü çıxardığına görə hakimlikdən uzaqlaşdırılıb. Həmin vaxt Sərdar Cəlaloğlunun qardaşı Qurban Məmmədov mətbuata açıqlamasında deyib ki, “Dənizin çirkabı sahilə atdığını bilirdim, lakin çirkabın təmizi kənara atdığını yox”.

Partiya təmsilçisi Sərdar Cəlaloğlunun müxalifətlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib: “Sərdar Cəlaloğlu Suriyada müxalifətin demokratik olmadığını deyir. İddia edir ki, Azərbaycan müxalifəti Suriyada olsaydı, ölkədə bu cür hadisələr baş verməzdi. Azərbaycan müxalifətinə göz dəyməsin. Suriyanın Azərbaycandakı müxalifətlə bağlı məlumatı olmayıb, olsaydı, vəziyyəti stabilləşdirmək üçün başda Sərdar Cəlaloğlu olmaqla dəvət edərdilər”.

Ə.Manafov ADP sədrinin Türkiyə ilə Azərbaycan arasında konfederasiya yaradılması təklifinə də münasibət bildirib: “Onun bu cür təklifləri “diqqət”də saxlanılmalıdır. Düşünürəm, o, prezident seçilərsə, ölkədə qanunlar əvəzinə onun nəzəriyyələrinə istinad olunacaq”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar