Sumqayıtın bir qrup iş adamı İlham Əliyevə bəyanat ünvanladı: "...ölkədəki mövcud vəziyyəti"
06.04.2018 15:55 Sosreaksiya 1362
"Sumqayıt” və "Cavid” Ticarət Mərkəzinin rəhbər və işçi heyəti 11 aprel prezident seçkilərilə əlaqədar toplantı keçirib.
Ticarət mərkəzindən Reaksiya.az-a verilən məlumata görə, icarədarlar qarşısında çıxış edən "Sumqayıt Ticarət Mərkəzi” ASC Müşahidə Şurasının sədri, Yeni Azərbaycan Partiyasının üzvü Nizami İsgəndərov qeyd edib ki, 11 aprel seçkilərinin ölkəmiz və region üçün çox ciddi əhəmiyyəti var. O, bildirib ki, növbəti 7 ildə ökəmizə rəhbərlik edəcək şəxsin kimliyi əsas şərtdir: "Çalxalanan dünyada ölkəmizi xaosdan qoruyan və bunun üçün bütün imkanlarından istifadə edən, hazırkı prezident, cənab İlham Əliyevin namizədliyini müdafiə etmək hər birimizin ümdə borcudur. Heç bir Azərbaycan vətəndaşı istəməz ki, ölkəmizdə hərc-mərcilik, qeyri-sabitlik hökm sürsün. Düşünürəm ki, hamı bir nəfər kimi 11 apreldə seçkilərə qatılmaqla yanaşı, həm də, ailəmizdə və ətrafımızda olan insaları bu mühüm kampaniyaya cəlb etməli və ölkəmizin parlaq gələcəyinin zəmanəti olan İlham Heydər oğlu Əliyevə səs verməliyik."
Tədbirin sonunda Ticarət Mərkəzinin sahibkarları adından prezident İlham Əliyevə bəyanat ünvanlanıb.
Bəyanatda bildirilir: "Xalqımız və dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən 11 aprel tarixində seçkilərdə iştirak etmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Sahibkarlar və iş adamları üçün isə bu seçki həm vətəndaşlıq, həm də mənəvi borc deməkdir. Çünki, ölkəyə rəhbərlik etdiyiniz 15 il ərzində biz sahibkarlar daim Sizin diqqət və qayğınızın əhatəsində özümüzü rahat hiss etmişik. Bu baxımdan cəmiyyətin əhəmiyyətli təbəqəsini təmsil edən sahibkarların, 11 aprel seçkilərində fəal iştirak etməsi zərurətdən doğan məsələdir. Dünyada və ölkədəki mövcud vəziyyəti, eləcə də sahibkarlığın inkişafına dair yürütdüyünüz siyasəti, gördüyünüz quruculuq işlərini düzgün qiymətləndirən biz sumqayıtlı iş adamları artıq öz seçimimizi etmişik. Bu seçim Azərbaycanımızın bugünkü və gələcək inkişafımızın təminatçısı, İlham Heydər oğlu Əliyevdir. Əminik ki, təkcə biz sumqayıtlı iş adamları deyil, ölkəmizin bütün təbəqələrini təmsil edən hər kəs 11 apreldə məhz Sizə səs verməklə, həm də Azərbaycanımızın tərəqqisinə öz töhfələrini verəcəklər."
Şərhlər