Akif Nağı küçəyə atılan ahıl xanımla bağlı müraciət etdi
10.04.2018 15:18 Sosreaksiya 1441
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı evindən didərgin salınan ahıl xanımın, təcrübəli televiziya işçisi Müslümat Rzaxanovanın ağır vəziyyəti ilə bağlı prezident İlham Əliyevə müraciət göndərib.
Müraciətdə göstərilir: Məmurların insafsızlığı ucbatından küçəyə atılan, onun-bunun küncünə sığınmalı olan, 77 yaşlı ahıl qadının acı taleyi ilə bağlı Sizə müraciət edirik. Rzaxanova Müslümat Məhəmməd qızı təqaüddə olan təcrübəli televiziya işçisidir, uzun müddət Az.TV-də çalışıb, rəhmətlik dövlət başçısı Heydər Əliyevin vaxtilə dəyər verdiyi şəxslərdən olub, məhz onun tapşırığı ilə vaxtilə M.Rzaxanovaya mənzil verilib.
M.Rzaxanova Azərbaycanımızı, Vətənimizi sevən bir insandı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün əlindən gələni edir, bu gün Qarabağ Azadlıq Təşkilatının üzvü kimi Qarabağ həqiqətlərinin dünyaya yayılması, erməni yalanlarının ifşa olunması işində, xüsusilə də dünyanın rus dilli auditoriyasında təbliğat işlərində yaxından iştirak edir.
Müslümat Rzaxanovanın problemi ondan ibarətdir ki, rəhmətlik Heydər Əliyevin tapşırığı ilə ona verilən mənzil qohumları tərəfindən mənimsənilib, onu küçəyə atıblar.
Bu qanunsuz və ədalətsiz hadisə ilə bağlı o, Sabunçu rayon məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə, Ali Məhkəməyə müraciətlər edib.
Onun müraciətləri əsasında mənzil hüququnun bərpa olunması, öz mənzilinə qaytarılması ilə bağlı dəfələrlə qərar çıxarılıb, lakin 4 ildir ki, Ali Məhkəmənin bu qərarı Sabunçu rayon məhkəməsinin icra məmurları tərəfindən yerinə yetirilmir.
Konkret olaraq, icra məmuru Səbuhi Cəfərov hər dəfə onu yalan vədlərlə aldadır, məhkəmə qərarının yerinə yetirilməsi üçün heç bir təşəbbüs etmir. Məmurların bu hərəkətləri əhali içərisində narazılıq yaradır, dövlətimizin imicinə zərbə vurur, insanların haqq-ədalətə inamını zəiflədir.
Müslümat Rzaxanova dəfələrlə bildirib ki, bu haqsızlığa, sərkərdan həyata dözə bilmir, hətta özünü Sabunçu məhkəməsinin qarşısında od vurub yandırmaqdan başqa çıxış yolunun qalmadığını da deyib. Sizin humanistliyinizə inanır, ahıl qadını köməksiz qoymayacağınıza, onun probleminin aradan qaldırılması üçün dərhal tapşırıqlar verəcəyinizə ümid edir və əvvəlcədən təşəkkür edirik.
Şərhlər