Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKLİFLƏR hazırlayacaq

23.04.2018 12:13     Sosreaksiya     1457

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin iyul-avqust aylarında Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatların nəticələri ilə bağlı hesabatını və ərazinin möhkəmləndirilməsi ilə bağlı hazırladığı təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim edəcək.

Bunu Trend-ə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

R.Həsənovun sözlərinə görə, hazırda Bayıl yamacındakı sürüşmə sahəsində daha dəqiq tədqiqatların aparılması üçün buruq-qazma işləri görülür: “Tədqiqatların aparılması üçün bir quyudan nümunənin götürülməsi kifayət etmir. Buna görə də ərazidə bir necə quyu qayılacaq. Quyulardan götürüləcək süxur nümunələri müqayisə edilməlidir".

R.Həsənov əlavə edib ki, Teleqüllənin yaxınlığındakı sahədə sürüşmə prosesinin dinamikasında aktivləşmə qeydə alınmasa da, ərazidə geoloji baxımdan gərginlik qalmaqdadır.

R.Həsənov bildirib ki, Bayıl yamacındakı sürüşmənin qarşısının alınması üçün yamacın aşağı hissəsində istinad divarının tikilməsi, yamacın yuxarı hissələrində suvarmadan məhdudiyyətlə istifadə edilməsi, yağış sularının müəyyən qədər istiqamətləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir.

R.Həsənov onu da əlavə edib ki, hazırda Abşeron rayonunun "Nübar" qəsəbəsindəki ("At yalı" adlanan yaşayış massivi) uçqun-sürüşmə-çökmə olan ərazidə, eləcə də Masazır qəsəbəsindəki "Zəli gölü" adlanan ərazidə və Suraxanı rayonunun Zığ qəsəbəsindəki sürüşmə sahələrində nisbi aktivlik müşahidə edilir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar