Özbaşınalığa son - Artıq yeni mənzil və fərdi evlərin sahibləri "kupça" ala biləcəklər
25.04.2018 14:39 Sosreaksiya 1575
Yaşayış evlərini sənədləşdirməyə macal tapmamış vətəndaşlara bunu qısa müddətdə həyata keçirməyə köməklik göstərilir
Azərbaycanda bir sıra qanunvericilik aktlarının təsdiqlənməsindən sonra vətəndaşlara məxsus evlərə dövlət reyestrindən çıxarışların ("kupça") və texniki pasportlar verilməsi prosesi daha da intensivləşib. Bu proses xeyli sadələşdirilib. Nəzəri cəhətdən artıq hər bir yeni tikilmiş binada mənzili, yaxud xüsusi evi olan şəxslər çoxdan gözlədikləri sənədi ala və öz yaşayış yerlərində qeydiyyata düşə bilərlər.
Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatına görə, mənzil-tikinti kooperativləri (MTK) tərəfindən tikilən binalarda olan mənzillərin qeydiyyatı üçün cəmi bir neçə sənəd tələb olunur: MTK ilə bağlanmış müqavilə, yaxud protokoldan çıxarış; mənzilin dəyərinin tam ödənilməsini təsdiq edən maliyyə arayışı; mənzilin eskizi və binanın istifadəyə verilməsi haqqında dövlət aktı.
Qeyd edək ki, sonuncu sənəd vətəndaşlara MTK tərəfindən təqdim edilməlidir. Tələb olunan sənədlərin tam siyahısını Əmlak Məsələləri Dövlət Komitəsinin saytından əldə etmək olar.
İndi mənzil alan hər bir vətəndaş tələb olunan sənədləri toplayaraq qeydiyyat üçün Dövlət Komitəsinə, yaxud ASAN xidmət mərkəzlərinə müraciət etmək hüququna malikdir. Bütün zəruri sənədlər təqdim edildikdən sonra "Kupça" 10 iş günü ərzində vətəndaşa təqdim edilməlidir.
"kupça" üçün ödəniləcək dövlət rüsumunun məbləği 50 manatdır. Bununla yanaşı, texniki pasport almaq üçün mənzilin sahəsindən asılı olaraq, əlavə rüsum ödəmək lazımdır. Həmin rüsumun hesablanma qaydası və kalkulyator proqramı da Dövlət Komitəsinin saytında var.
Lakin məlum olub ki, məsələlər düşündüyümüz qədər də sadə deyil. Dövlət Komitəsindən verilən izahata görə, MTK-ların da tikdikləri bütün binalar və mənzillər üçün "kupça" almaq hüququ var. Məhz burada müəyyən problemlər meydana çıxır.
Misal üçün, "Dəlidağ" MTK tərəfindən tikilən binanın sakinlərinin sözlərinə görə, özəl şirkət hər bir müştərisindən mənzilin sənədləşdirilməsi üçün 4 min manat əlavə vəsait tələb edir. Lakin sakinlər qanunla haqları olan bu sənədi əldə etmək üçün şirkətə o qədər əlavə vəsaiti ödəmək niyyətində deyil.
"Akkord" Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC tərəfindən tikilmiş Abşeron Gənclər Şəhərciyində isə, ümumiyyətlə, sakinlərə nəhayət mənzillərin rəsmiləşdirilməsi üçün sənədlərin nə vaxt veriləcəyi barədə məlumat vermək istəmirlər. Baxmayaraq ki, "Akkord" həmin binaları 2009-cu ildə tikib, oradakı mənzillərin "xoşbəxt" sahibləri nə vaxtsa öz halal zəhmətləri ilə aldıqları mənzillərin çıxarışını əldə edəcəklərindən tamamilə əllərini üzüblər, hətta heç buna ümid etmirlər də.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov hesab edir ki, belə hallarda cavabdehləri məsuliyyətə cəlb etmək çox çətindir: "Polis MTK əleyhinə olan şikayətlərə baxa bilmir, çünki onun hərəkətlərində cinayət tərkibi yoxdur".
"Eyni zamanda, adamlar dövlət orqanlarına da şikayət edə bilmirlər, çünki MTK özəl sektora aiddir. Belə olan təqdirdə isə vətəndaşlar ancaq məhkəmələrə müraciət edə bilərlər" — ekspert Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Bütün bunlarla yanaşı, bu sahə ilə bağlı müsbət xəbərlər də var. Bu ilin əvvəlindən Bakıda və regionlarda "Kütləvi küpçalaşdırma" ümumaksiyası keçirilir. Yaşayış evlərini sənədləşdirməyə macal tapmamış vətəndaşlara bunu qısa müddətdə həyata keçirməyə köməklik göstərilir.
Şərhlər