İnam Kərimov komandosunu yığır? - yeni transfer
26.04.2018 12:39 Sosreaksiya 1848
Ölkə başçısının sərəncamı ilə “ASAN xidmət”in sədri İnam Kərimov kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatın ardınca “ASAN xidmət”in mətbuat xidmətinin rəhbəri Anar Hüseynov da nazirliyə transfer edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov vəzifəsindən azad olununaraq Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Anar Hüseynov açıqlamasında məlumatı təsdiqləyib.
Dünəndən etibarən bəzi mətbuat orqanlarında İnam Kərimovun daha 4 təyinat həyata keçirdiyinə dair informasiyalar dolaşır. İddialara görə, 3 saylı Bakı Asan Xidmət mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Adil Qasımov, “ASAN xidmət”in İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, həmçinin Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev Kənd Təsərrüfatı Nazirliyinə təyinat alıblar.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov hazırda qeyd edilən təyinatların real olmadığını bildirib:
“Mənim özümlə bağlı təyinat oldu və açıqladıq. Hələlik qeyd edilən təyinatlar olmayıb. Əgər olarsa belə, burada gizlədiləcək məqam yoxdur”.
Nazirlik rəsmisi deyib ki, yeni təyinatlar olacağı təqdirdə ictimaiyyətə açıqlama veriləcək.
Şərhlər