İnsanlar qadağalara məhəl qoymur

07.08.2015 15:43     Sosreaksiya     1944

Yayda dincəlmək üçün insanların ən çox üz tutduğu məkanlardan biri çimərliklərdir. Çimərliklərin sayı çox olsa da, heç də insanlar bütün çimərliklərin xidmətindən yararlana bilmir.

Vətəndaşların çimərliklərə daxil olması üçün pul istənilməsi qanunla qadağan edilsə də, müxtəlif istirahət mərkəzləri və kafelərin sahibləri giriş haqqı istəyirlər.  

Ancaq dəniz sahillərində hər kəsin vəsait ödəmədən istifadə edə biləcəyi  çimərliklər də az deyil. Lakin mütəxəssislər belə çimərliklərin təhlükəli olduğu qənaətindədirlər. Çünki  bu çimərliklərdə sanitariya, təhlükəsizlik qaydalarına riayət olunmur və suda boğulma halları ən çox həmin ərazilərdə qeydə alınır.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov reaksiya.az-a açıqlamasında bildirdi ki, çimərlik mövsümü başlanmazdan öncə Xəzər dənizinin sahilindəki çimərlik ərazilərində mikrobioloji təhlillər aparılıb və bu işlər bütün mövsüm boyu davam edir.

Onun sözlərinə görə, sahil zolağında aparılan son tədqiqatların nəticələri onu deməyə əsas verir ki, çimərliklərin çox hissəsi yay mövsümü ilə əlaqədar  istifadəyə yararlıdır. 

Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərində çimmək qəti qadağandır: “Əvvəldən deyildiyi kimi, bu il 3 çimərlikdə çimmək qadağan edilib. Biz istəyirik ki, bütün çimərliklər təmiz, abad olsun, orada anti-sanitariya olmasın. Əhaliyə xəbərdarlıq edirik ki, "Sahil" və "Şıx" çimərliyindən istifadə etməsinlər. Qəti surətdə bu istiqamətdə dənizə girmək olmaz. O ərazilərdə mikrobioloji çirklənmə dərəcəsi, bağırsaq çöpü bakteriya qruplarının normadan artıq olmasına görə çimərlik kimi istifadəyə yararsız hesab edilir".

Çimərliklərin hazırki vəziyyəti ilə bağlı Facebookda sorğu apardıq. 

Sorğumuzu cavablandıran “Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Samir İsayev Novxanı çimərliyində vəziyyətin yaxşı olduğunu bildirdi: “Dənizin suyu və ətraf ərazilərdə təmizliyə riayət olunur”.

Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Təbriz Quliyev düşünür ki, bütün çimərliklərdə təmizlik yüksək səviyyədə olmasa da, Nardaran çimərliyində həm sanitar, həm də təhlükəsizlik qaydalarına riayət olunur.

Bakı Slavyan Universitetinin tələbəsi Nurlan Qafarsoyun fikrincə isə, çimərliklərin suyunda heç bir problem yoxdur: “Sahilboyu xətlər isə çox pis gündədir. Qarpız qabıqları, qarğıdalı qalıqları, qırıq şüşə parçaları sahil xəttini keçilməz edir. Digər problem isə, qadağan olunmuş ərazilərlə bağlıdır. İnsanlar qadağalara məhəl qoymadan həmin ərazilərdə çimir. Son 1 həftədə 8 nəfərin boğulması bunun bariz nümunəsidir”.

Ətraf mühitin təmizliyi hər bir insanın təbiətə olan münasibətindən birbaşa asılıdır. Əgər çimərliklərə gedən hər kəs təmizliyi qorusa, məişət tullantılarını xüsusi ayrılmış yerlərə atsa, o zaman çimərliklərdə anti-sanitar vəziyyətlərlə çox rastlaşmarıq.

 

 

Şərhlər

Çox oxunanlar