Yay aylarında necə qidalanmalı? - Ekspert rəyi

07.08.2015 17:29     Sosreaksiya     1760

Yay aylarında havaların isti keçməsilə əlaqədar olaraq bəzi insanlar tez-tez halsızlıq, iştahasızlıq hiss edir. Yemək yedikdən sonra ağırlıq hiss etdikləri barədə şikayət edirlər.

Dietoloq- terapevt Ləman Süleymanova reaksiya.az-a açıqlamasında bütün bunların düzgün qidalanmamaqla əlaqəli olduğunu bildirdi.

Dietoloq sağlam qidalanmağın ən birinci şərtinin gündə üç dəfə vaxtlı-vaxtında qidalanmaq olduğunu deyərək, bu yeməklər arası zamanlarda da   atışdırmalar etməyin vacibliyini vurğuladı.

Hər fəslin özünəməxsus rasionu olduğuna xüsusi diqqət çəkən dietoloq yay mövsümündə əsasən yüngül qidalara, daha çox meyvə-tərəvəzlərə üstünlük verməyi məsləhət gördü: “ Qış boyu daha çox ətli və yağlı qidalar yeyirik. Çünki qış fəsli infeksiyaların yayıldığı fəsildir. İmmunitetimiz güclü olsun deyə belə qidalara üstünlük veririk. Yayda isə  bütün il boyu yığdığımız toksinləri atmaq üçün çoxlu meyvə-tərəvəz və yüngül qidalar qəbul etmək lazımdır. Xüsusilə axşam saatlarında çalışmalıyıq ki, yüngül yeməklər yeyək”.

Qazlı və rəngli içkilərdən uzaq durun!

L. Süleymanova yemək zamanı qazlı içkilərdən istifadə etməyin tamamilə ziyanlı olduğunu deyərək, bu içkilərdən qəti şəkildə uzaq durmağı məsləhət gördü: “Qazlı və rəngli içkilərdən başqa digər məsələ yemək yedikdən sonra nələri etmək olmaz? Yemək yedikdən sonra çay içmək, yaxud meyvə yemək olmaz. Bu ikisi piylənmə yaradır. Meyvəni yemək yeməzdən öncə yemək lazımdır. Həm toxluq hissi yaradır. Həm də həzmi asanlaşdırır”.

Son olaraq dietoloq bildirdi ki, insanın gündəlik müəyyən qədər zülal, karbohidrat, protein, vitamin maddələrinə ehtiyacı var. Bütün bunları gün ərzində az-az, lakin tez-tez yeyərək ət və ağartı məhsulları, meyvə-tərəvəz vasitəsilə qəbul etmək lazımdır.

Şərhlər

Çox oxunanlar