GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “VƏTƏNPƏRVƏRLİKDƏ CAVAD XAN ÖRNƏYİ” MÖVZUSUNDA İCTİMAİ MÜZAKİRƏ APARILIB - FOTOLAR

18.05.2018 19:11     Sosreaksiya     1466

Gəncə Dövlət Universitetində (GDU) “Vətənpərvərlikdə Cavad xan örnəyi” mövzusunda ictimai müzakirə xarakterli tədbir keçirilib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi ilə birgə keçirilən tədbirdə GDU-nun professor-müəllim və tələbə heyəti, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar (BİRA) İctimai Birliyinin sədri Zaur Qəriboğlu, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqov, Prezident yanında Dövlət Dil Komissiyasının üzvü, Filologiya üzrə fəlsəfə doktoru, professor Mübariz Yusifov, GDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə, Xarı Bülbül Ədəbi Məclisinin sədri, Türk dünyası qəzetinin təsisçisi və baş redaktoru Aybəniz Qafarlı, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbirdə çıxış edən Cavid Bağırzadə tarixin müxtəlif dövrlərində Azərbaycan ərazilərinin yadelli hücumuna məruz qaldığını, ermənilərin təcavüzkarlığı nəticəsində torpaqlarımızın işğal edildiyini diqqətə çatdırıb. Cavid Bağırzadə tariximizin öyrənilməsi, təbliğ edilməsi, gənc nəsillərə çatdırılması baxımından bu cür tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıb.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin sədri Radə Abbas bildirib ki, Azərbaycanda gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində sistemli iş aparılır. Sədrlik etdiyi İctimai Birlik də bu məqsədə xidmət edir və təkcə son aylarda gənclərin vətənpərvər ruhda tərbiyəsinə həsr edilmiş bir neçə tədbir həyata keçirib.

Alimlər, Həsənbala Sadıqov və Mübariz Yusifov məruzələrində qeyd ediblər ki, Azərbaycanın digər xanları kimi, Cavad xanın da əsas qayğısı xanlığın müstəqilliyini və öz hakimiyyətini nəyin bahasına olursa-olsun qoruyub saxlamaq idi. 18-ci əsrin axırlarında Rusiya artıq Qafqaza ayaq açmışdı. Nəhəng imperiyaların maraqlarının toqquşduğu bölgə təlatümlü günlər yaşayırdı. O, bir tərəfdən gürcü çarı İrakli ilə vuruşur, Ağa Məhəmməd şah Qacarın qəzəbindən yayınmaq üçün diplomatik gedişlər edir, digər tərəfdən qonşu xanlarla aralarındakı ixtilaflara son qoyub antirusiya koalisiyası yaratmağa və bu ittifaqa hətta Dağıstan əmirlərini də qoşmağa çalışırdı. Şimaldan gələn təhlükə isə addım-addım yaxınlaşmaqda idi. Azərbaycan xanlarından heç biri ruslarla açıq döyüşə girməmişdi. Onlar Rusiyanın itaəti altına, demək olar, müqavimətsiz keçmişdilər. Cavad xanı digər xanlardan fərqləndirən azadlıqsevərliyi və işğalçılara boyun əyməməsi idi. Vətənpərvərlik sevgisinin nəticəsində Cavad xan və oğlu Hüseynqulu döyüş meydanında qəhrəmancasına həlak olubar.

Müzakirələrə qoşulanlar gənclərə daim xalqa xidmət etməyi, Vətənə, millətə layiqli övlad olmaq üçün çalışmağı tövsiyyə ediblər. Çıxışlarda işğal altındakı ərazilərimizin tezliklə geri qaytarılacağına, Azərbaycanın əzəli və əbədi torpağı olan Qarabağda üç rəngli bayrağımızın dalğalanacağına əminlik ifadə olunub.

Tədbir diskussiya şəklində davam edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar