Azərbaycan ordusu möhtəşəm hərbi parada hazırlaşır
21.05.2018 12:33 Sosreaksiya 1675
Düşmənə sanballı güc nümayişi olacaq paradda bütün növlərdən yeni silahlar nümayiş olunacaq; “Türk şahinləri” səmamızda süzəcəklər...
Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında hərbi parad keçirilməsi planlaşdırılır. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan məhsulların həcmi iki dəfə artıb. MSN müəssisələrində müdafiə təyinatlı məhsulların çeşidləri 1200 növə çatdırılıb: “Müdafiə Sənayesi Nazirliyinin yeni texnikaları iyunun 26-da Bakıda keçiriləcək Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş hərbi paradda da nümayiş olunacaq”.
Azərbaycan tarixində ilk parad keçirilməsi 1918-ci ildə Bakıda Qafqaz İslam Ordusunun zəfər yürüşünə təsadüf edir. Bakını erməni daşnakları və kommunistlərin işğalından azad etmiş Qafqaz İslam Ordusu indiki İstiqlaliyyət küçəsi ilə zəfər yürüşü keçirib. 1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunandan sonra hərbi paradın məzmunu dəyib. Belə ki, sovet Azərbaycanında paradlar adətən 1 Mayda - Zəhmətkeşlərin Həmrəylik Günü olunub.
Azərbaycanın müasir hərbi parad tarixinə gəlincə, mərhum prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi tarix - 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Yuxarıda qeyd etdiyimiz kimi bu il də Azərbaycanda hərbi paradın keçirilməsi planlaşdırılır. Hərbi paradlar eyni zamanda güc nümayişi, düşmənə verilən sətiraltı mesaj kimi də xarakterizə olunur. Bu il ölkədə keçirilməsi planlaşdırılan hərbi parad digərlərindən nə ilə fərqlənəcək?
“Yeni Müsavat”a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu il çox möhtəşəm parad keçiriləcək: “Bu tədbirin əhəmiyyəti hər mənada çox böyükdür. Azərbaycan indiyə qədər bir neçə hərbi parad keçirib. Bu il də bildiyim qədər müdafiə nazirinin rəhbərliyi altında çox böyük bir parad hazırlanır və onun məşqləri də həyata keçirilir. Paradda yeni silahlar da olacaq. O silahları Müdafiə Nazirliyinin rəhbərliyi ölkə başçısı ilə razılaşdırandan sonra parada çıxara bilir. Bir neçə silah növünün nümayişi planlaşdırılır. Bildiyim qədəri bu parad bütün tədbirlərdən fərqli olacaq. 100 illiyə qardaş Türkiyənin Silahlı Qüvvələrindən də ”Türk şahinləri" qatılıb, Azərbaycan səmasında öz məharətlərini göstərəcəklər. Sözsüz ki, düşmənə və bütün dünyaya Azərbaycan Silahlı Qüvvələrinin bu günədək əldə etdiyi nəticəni göstərməyə çalışacaqlar. Çox intensiv məşqlər gedir. Şəxsən müdafiə naziri Zakir Həsənovun və baş qərargah rəisi Nəcməddin Sadıqovun rəhbərliyi altında bütün güc strukturlarının parad üçün hazırlanmış kontingenti, Bakı ətrafında olan hərbi hissələrin birində hazırlıqlarını həyata keçirirlər. Arzu edək ki, parad təkcə Bakıda deyil, tezliklə işğaldan azad olunacaq ərazilərimizdə də keçirilsin. Bildiyim qədər paradda Qarabağ savaşında xüsusi fəallıq göstərmiş insanların təqdimatı da həyata keçiriləcək. 2016-cı ilin aprel döyüşlərində fərqlənən insanların həm Azərbaycan televiziyası, həm də mətbuat vasitəsilə təqdimatı planlaşdırılır. Zəngin bir proqram hazırlanıb və bu, Müdafiə Nazirliyinin rəhbərliyi, ölkə başçısı tərəfindən təsdiq olunub. Hamı böyük səylə hazırlaşır. Düşmən də bunu görəcək və çox narahatdır. Ermənistanın yeni müdafiə naziri və dəstəsə iki gün bundan öncə Naxçıvana yaxın ərazilərə baş çəkdilər. Ölkə başçısının Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda olması, orada olan bir neçə silahların düşmənə çox böyük narahatlıqlar yaşada biləcəyi mesajını verməsindən sonra Ermənistan tərəfi narahatdır".
Ekspert parad ənənəsinin formalaşması və bunun mənası barəsində də danışıb: “Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu hər il dünya ordularının reytinqini hazırlayır. Bu reytinqdə Azərbaycan böyük uğurlar əldə edib. Son illərdə Azərbaycan Silahlı Qüvvələri ayrı-ayrı ölkələrdən ən müasir, yəni 4-cü nəsil silah-sursat alıb, öz silahlı qüvvələrini NATO-nun müxtəlif tədbirlərində təqdim edib. İndiyə kimi Azərbaycan bir neçə sülhyaratma missiyasında iştirak edib. Kosova, İraq, hal-hazırda Əfqanıstanda da şəxsi heyətin sayı artırılıb. Sözsüz ki, parad ordunun gücü, qüdrətidir və düşmənə də bir mesajdır. Prinsipcə bizim düşmənə nəyisə göstərməyə ehtiyacımız yoxdur. Yəni Azərbaycanın şəxsi heyəti say baxımından, əldə etdiyi silah-sursatın miqyasına görə düşməndən qat-qat fərqli durumdadır. Yalnız bəzi siyasi məsələlərə görə biz, bu gün torpaqlarımızın işğal altına alınması ilə üz-üzəyik. Ancaq bunun da yəqin ki, bir məntiqi sonu olmalıdır və olacaq. Sözsüz ki, bu paradın da əhəmiyyəti odur ki, burada yeni elementlər nümayiş olunacaq. Əvvəlki paradlarda gördüyümüz şablonlarla yanaşı, yəni şəxsi heyətin keçidi, döyüş texnikasının nümayişindən başqa, bəzi yeni silahlar da göstəriləcək ki, bu silahların da çox böyük əhəmiyyəti var. Bu əhəmiyyət təkcə Quru Qoşunları üçün deyil, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri üçün də alınmış texnikalardır. Yəni silahların istifadəsi həm quruda, həm də suda bizim üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı işlərin həyata keçirilməsində həmin silahların çox böyük rolu olacaq. Bir sözlə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrini həm geyim, həm də silah-sursat baxımından əvvəlki illərdən fərqli durumda görəcəyik”.
Reaksiya.az
Şərhlər