Qəzada ölən gizirlə bağlı - Nazirlikdən RƏSMİ AÇIQLAMA
22.05.2018 17:01 Sosreaksiya 1042
Müdafiə Nazirliyi qəzada həlak olan hərbçi ilə bağlı məlumat yayıb.
Reaksiya.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bəzi elektron KİV-də Müdafiə Nazirliyi ilə dəqiqləşdirilmədən guya hərbi avtomobilin qəzaya uğraması nəticəsində iki zabitin ölməsi ilə bağlı məlumat yayılıb. Bu xəbəri qəti surətdə təkzib edirik.
Bildiririk ki, məzuniyyətdə olarkən öz şəxsi avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində gizir Muradov Murad Məhəmmədəli oğlu və onunla avtomobildə olan qaynı, mülki şəxs Babayev Toğrul Zaman oğlu həlak olub.
Avtomobildə olan digər sərnişin, M.Muradovun qayınanası Babayeva Zöhrə Bəydadaş qızı ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Son dövrlərdə bəzi KİV-lər yoxlanılmamış və Müdafiə Nazirliyi tərəfindən rəsmən təsdiq edilməmiş məlumatları yaymaqla yanlış fikir yaratmağa cəhd göstərirlər. Azərbaycan Ordusu ilə əlaqədar olan istənilən məsələnin Müdafiə Nazirliyinin Mətbuat Xidməti ilə dəqiqləşdirilməsi vacibdir.
Bir daha KİV nümayəndələrini xəbərdar edirik ki, bu cür hallar təkrar baş verərsə onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, qəza ilə bağlı yayılan xəbərlərdə ölən hər iki şəxsin hərbçi olduğu deyilirdi.
Şərhlər