FHN-in hərbi hissəsində Cümhuriyyətin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
22.05.2018 17:46 Sosreaksiya 1610
Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Nazirliyin Mülki Müdafiə Qoşunlarının Qaradağ rayonunda yerləşən N saylı hərbi hissəsində tədbir keçirilib.
Tədbirdə FHN-in Mülki Müdafiə Qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Aviasiya Dəstəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib.
Natiq bildirib ki, 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən respublikamız məhz Heydər Əliyevin səyi nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən qüdrətli dövlətinə çevrilib.
Daha sonra, FHN Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Təhsil məsələləri sektorunun baş məsləhətçi tarix üzrə fəlsəfə doktoru Rüfət Quliyev Azərbaycan Xalq Cümhuriyyəti haqqında ətraflı danışaraq cəmi 23 ay yaşamış Xalq Cümhuriyyəti hökumətinin qısa vaxt ərzində gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən, süqutunun səbəblərindən söz açıb.
Tədbir konsert proqramı ilə davam edib.
Sonda FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən əsgərlərə bayram sovqatı və xatirə hədiyyələr verilib. (APA)
Şərhlər