Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Tarix Muzeyində elmi tədqiqatlar aparılır

24.05.2018 11:16     Sosreaksiya     1380

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı nadir eksponatlar qorunub saxlanılır və geniş elmi araşdırmalar aparılır.

Muzeyin elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov  azərtac-a müsahibəsində bu barədə ətraflı məlumat verib: “Tariximizin, o cümlədən Cümhuriyyət tarixinin tədqiq olunması, öyrənilməsi və təbliğ edilməsi olduqca aktual və önəmli məsələdir. Muzeydə dövlətçilik tariximizdə müstəsna yeri olan Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid materialların toplanması yalnız Azərbaycanın müstəqilliyinin bərpasından sonra mümkün olub. 2006-2008-ci illərdə Milli Azərbaycan Tarixi Muzeyində əsaslı təmir-bərpa işləri aparılan zaman muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə fəaliyyət göstərən tədqiqat qrupu tərəfindən Azərbaycan Demokratik Respublikasına aid onlarla nadir material aşkar edilib, onların tarixi müəyyənləşdirilib. İlk dəfə 2007-ci ildə muzeyin daimi ekspozisiyasında “Azərbaycan Cümhuriyyəti” adlı bölmə açılıb. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən 1920-ci ildə Əlimərdan bəy Topçubaşovun Paris sülh konfransında təqdim etdiyi İstiqlal Bəyannaməsinin əsli muzeyə hədiyyə olunub”.

Şöbə müdirinin sözlərinə görə, Cümhuriyyətin 100 illiyi ilə əlaqədar hazırda muzeydə geniş tədqiqatlar aparılır və müxtəlif mövzularda tədbirlər keçirilir. Bu tədbirlərdən biri “Azərbaycan Cümhuriyyətinin dahi şəxsiyyətləri” sərgisinin təşkilidir. Sərgidə İstiqlal Bəyannaməsi ilə yanaşı, görkəmli dövlət və ictimai xadimlər Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Əli bəy Hüseynzadə, Həsən bəy Ağayev, Cavad bəy Məlikyeqanov, Xudadat bəy Məlikaslanov, Məmmədyusif Cəfərov, Nəriman bəy Nərimanbəyli, Mirzəbala Məmmədzadə, Bəhram Axundov, həmçinin dövlət və hərbi xadimlər Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Əmir Kazım Mirzə Qacar, İbrahim ağa Usubov, Üzeyir bəy Hacıbəyli, Ceyhun bəy Hacıbəyli, ilk qadın rəssam Qeysər Kaşıyeva və digər görkəmli simalara aid materiallar, Azərbaycanın müxtəlif dövlət qurumlarının fəaliyyətini əks etdirən fotoşəkillər və tarixi eksponatlar nümayiş olunur. Sərgidəki Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşının xarici pasportu, bədii tərtibatı rəssam Əzim Əzimzadə tərəfindən verilmiş İstiqlal Bəyannaməsinin bir nüsxəsi, Azərbaycan Cümhuriyyətinin Paris sülh konfransında nümayəndə heyətinin zərfi və xidməti sənədləri, Bakı Universitetinin təşkili ilə əlaqədar yaradılan komissiyanın sənədləri, “Azərbaycan” qəzetinin ayrı-ayrı nüsxələri, 1919-1920-ci illərdə tamaşaya qoyulmuş “Şah İsmayıl” operası, “O olmasın, bu olsun” tamaşası, “Arşın mal alan” operettasının proqram və afişaları Cümhuriyyətin həyata keçirdiyi tədbirləri təsəvvür etməyə imkan verir. Materialların elektron pasportlaşdırılması onların elmi dövriyyəyə daxil edilməsini, tədqiqatçılar tərəfindən istifadə olunmasını asanlaşdırır.

S.Əhmədov bildirib ki, Tarix Muzeyi tərəfindən, eyni zamanda, “Azərbaycan Cümhuriyyəti–100” adlı elmi kataloq hazırlanır. İlk dəfə kataloqda Azərbaycan Cümhuriyyəti ilə bağlı muzeydə qorunan bütün eksponatlar barədə tam məlumat veriləcək. 200-dən artıq eksponatı əhatə edən kataloq üzərində iş yekunlaşmaq üzrədir. Bundan başqa, “Azərbaycan Ordusu. 1918-1920-ci illər” adlı albom-kataloq hazırlanır. Azərbaycanın taleyində əhəmiyyətli rol oynamış Qafqaz İslam Ordusu ilə bağlı muzeydə çoxlu sayda toplanmış unikal materiallar ayrıca sərgi keçirməyə imkan verir. Sentyabr ayında muzeydə Qafqaz İslam Ordusunun istiqlal yürüşünə həsr olunmuş sərgi açılacaq. Muzeydə keçirilən tədbir və aparılan elmi araşdırmaların məqsədi Cümhuriyyətin nailiyyətlərini əyani olaraq nümayiş etdirməkdir. Bu isə geniş ictimaiyyətə tariximizin şərəfli səhifəsini təqdim etməklə bərabər, əyani təbliğat xarakteri daşıyır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar