Melburnda AXC-nin 100 illiyinə hərs olunmuş tədbir keçirilib

29.05.2018 11:38     Sosreaksiya     1131

Mayın 27-də Melburn şəhərində Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin dəstəyi və Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə hərs olunmuş tədbir keçirilib.

Səfirlikdən verilən məlumata görə, tədbirdə Viktoriya ştatı Parlamentinin üzvü, kölgə hökumətinin multikulturalizm məsələləri üzrə naziri xanım İnqa Pyuliç, Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, Azərbaycanın Melburndakı icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Rəşad Həsənov 28 may – Respublika günü, eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə qonaqlara ətraflı məlumat verib. O, Cümhuriyyətin yaranmasının Azərbaycanın tarixində əhəmiyyətli hadisə olduğunu vurğulayıb. Tədbirdə çıxış edən ölkəmizin Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva qonaqları salamlayaraq, belə bir təntənəli tədbirin təşkilinə görə Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvlərinə təşəkkürünü ifadə edib.

Daha sonra Viktoriya ştatı Parlamentinin üzvü İnqa Pyuliç çıxış edərək, Avstraliyada yaşayan Azərbaycan icmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib. O, Cümhuriyyətin yaranması gününün dünya azərbaycanlıları üçün əlamətdar hadisə olduğunu qeyd edib. İnqa Pyuliç, öz çıxışında, Avstraliyadakı müxtəlif etnik icmaların fəaliyyətinə toxunaraq, Azərbaycan icmasının Avstraliyada ən fəal və qonaqpərvər icmalardan biri olduğunu diqqətə çatdırıb.

Tədbirin rəsmi hissəsindən sonra Melburnda yaşayan soydaşlarımızın ifasında musiqi nömrələri və xalq rəqsləri təqdim olunub, eləcə də şerlər səsləndirilib. Bununla yanaşı, tədbir zamanı Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.

Tədbir zamanı iştirakçılara “İrs” jurnalının Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş xüsusi buraxılışı, habelə digər məlumat kitabçaları və broşürlər paylanıb.

Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz nümunələri təqdim olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar