Nazirlik: Ölkədə kişilərin sayının artması gələcəkdə qadın çatışmazlığı təhlükəsi yarada bilər

31.05.2018 12:02     Sosreaksiya     1182

"Son 12 il ərzində ölkə əhalisinin sayı 15 % artıb". 

 
Bunu ƏƏSMN-nin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin sədr müavini Elnur Süleymanov "Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi" adlı layihənin yekun konfransında deyib. 

 

E. Süleymanovun sözlərinə görə, bu müddətdə ölkədə doğulanların sayı hər 1000 nəfər arasında 17,5 nəfərdən 14,7 nəfərədək azalıb, ölənlərin sayı isə 6,2-dən 6,6-dək artıb: "Demoqrafik təhlillərə əsasən, ölkədə diri doğulanların cins strukturunda oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda doğulan 100 qıza 114 oğlan düşür. Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. 1989-cu ildə hər 1000 kişiyə 1051, 1999-cu ildə 1048, 2009-cu ildə isə 1021 qadın düşüb".

 

 

Nazirlik rəsmisi bildirib  ki, hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etmə ehtimalı nəzərə alınsa, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa mənfi təsiri göstərə bilər. 
 

"Cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə fəaliyyət planının hazırlanması, geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi vacibdir. Dövlət başçısının müvafiq fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasına əsaslanaraq, "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı" layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Dövlət proqramının 2030-cu ilədək əhatə edəcəyi dövrdə ana və uşaqların mühafizəsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqramda doğulanlar arasında cins nisbətinin aradan qaldırılması məsələsi də yer alıb", -  deyə E. Süleymanov qeyd  edib.(apa)

Şərhlər

Çox oxunanlar