Ekspert: "Bəzən atalar qızını əli ilə oda atır"

08.08.2015 11:15     Sosreaksiya     2288

"İslama yapışdırılan saxta adətlərə görə 9-10 yaşlı uşaqların ərə verilməsini məqbul hesab edən bəzi atalar qızını əli ilə oda atır".
 
Bunu Reaksiya.az-a açıqlamasında sosioloq Lalə Mehralı bildirib.
 
O, qeyd edib ki, ÜST-nın hesabatına görə qadınlar 18 yaşdan əvvəl nə fiziki, nə də əqli baxımından ana olmaq iqtidarında deyillər:
 
"Dünyaya gələcək körpənin sağlamlığı, ananın öz səhhəti baxımından buna maksimum diqqət eləmək vacibdir. Amma erkən nikaha meylli olan cəmiyyətlərdə nəinki 18 yaş, heç 15-16 yaşı da gözləmirlər. 16 yaşlı qız özü uşaqdırsa, onun dünyaya gətirdiyi körpə necə sağlam olacaq, sağlam gələcək quracaq? Tibb qadağan edir, 18 yaşdan əvvəl baş verən hamiləliklər tibbə görə anormal vəziyyət hesab edilir. Hələ bizdə vəziyyət yaxşıdır, cəmiyyətimizin böyük kəsimi təhsilli, savadlı insanlardır. İnsanlarımızın böyük əksəriyyəti erkən nikaha qarşıdır. Amma bir çox müsəlman ölkələrində vəziyyət faciəvidir. Hər gün informasiyalar oxuyuruq, belə ölkələrdə doğuşda ölən 10 yaşlı, 12 yaşlı gəlinlər barədə. Bizim cəmiyyətdə olan bu cür halların əksəriyyəti ya qatı dindar ailələrində baş verir, ya da ailə başçısının olmadığı ailələrdə. İslama yapışdırılan saxta adətlərə görə 9-10 yaşlı uşaqların ərə verilməsini məqbul hesab edən bəzi atalar qızını əli ilə oda atır. Hələ yeniyetməlik dövrünə belə qədəm qoymayan uşaqların ana olmasından faciəli nə ola bilər? O hələ öz bədənini tanımır, o bədəndə necə can yetişdirəcək? O cana nə verə biləcək öz körpə bədənindən? Hansı tərəfə çevirirsən çevir, bu halların bir səbəbi var, o da təhsildən uzaq, mövhumatla qol-boyun olmaq. Dünyagörüşü olan, az da olsa tibbdən, insan fiziologiyasından başı çıxan bir ata övladını o yaşda ərə verərmi sizcə?".

Şərhlər

Çox oxunanlar