Yağış və dolu İsmayıllını iflic edib: Evlərə ziyan dəyib, elektrik xətləri qırılıb, yolları sel yuyub
04.06.2018 13:00 Sosreaksiya 747
İsmayıllı rayonunda güclü yağış və dolu rayon ərazisinə ciddi ziyan vurub.
Reaksiya.az bildirir ki, bu barədə trend-ə açıqlamasında İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib.
Komissiya sədri bildirib ki, təbiət hadisəsi nəticəsində 10-dan artıq evə ziyan dəyib: "Güclü külək Diyallı kənd Mədəniyyət Evinin dam örtüyünü dağıdıb. Orada məskunlaşan bir məcburi köçkün ailəsi müvəqqəti olaraq çadırla təmin edilib. Bununla bağlı Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə məlumat verilib. Ailə çadırda yerləşdirilib, ev əşyaları ilə təmin olunmasına da köməklik göstərilir. Bundan başqa, kənd ərazisində evlərin dam örtüyünə də ziyan dəyib. Hazırda həmin evlərin siyahısı hazırlanıb və dəymiş ziyan müəyyənləşib. Sığortası olan evlərin sənədləri sığorta şirkətinə təqdim olunacaq".
R.Ağayev qeyd edib ki, aramsız yağışlar rayon ərazisində 4 min hektar taxıl sahəsinə ziyan vurub: "50 hektar taxıl, 2 hektar isə tütün sahəsi su altında qalaraq tamamilə məhv olub".
İcra başçısının müavini deyib ki, bununla yanaşı, sel suları digər kəndlərə də ciddi ziyan vurub: "Kəndlərə gedən elektrik xətləri qırılıb, Talıstan və Mücü kəndlərində su xətləri dağılıb, kəndlərə aparan yolları sel yuyub. Dağlıq ərazilərdəki kəndlərdə vəziyyət daha da pisdir".
R.Ağayev bildirib ki, artıq rayon ərazisindəki elektrik xətləri bərpa edilib, yolların bərpası ilə bağlı işlər aparılır
Şərhlər